"Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb. Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var.

 

Bizimaz.az "Report"a istinadla xəbər verir ki, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, akademiyanın təmiri 95-96 faiz yekunlaşıb. "İstəyirik ki, zallara və auditoriyaya tələbələrimiz qayıtsın, təhsil prosesi başlasın. Biz görürük ki, yenə də yoluxma halları var. Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin. Bildiyiniz kimi bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik".

Rəhimov güləş və digər idman növlərinin federasiyalarının daxili yarışları keçirmək üçün nazirliyə müraciət etdiyini söyləyib:

"Tək güləş yox, digər idman növləri də noyabr və dekabr aylarında yerli çempionat keçirirlər. Biz çox istərdik ki, bu yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu həm də idman zallarının açılmasına da aiddir. Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub.

Qəbul olunsa, sössüz ki, bizim üçün də çempionatları keçirmək çox vacibdir. İdmançı bir ay evdə qalsa, ona 3-4 ay bərpa üçün vaxt lazımdır, bu isə çətinlik yaradır. Əgər yarış praktikası yoxdursa, bu, həqiqətən də, onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək.

Noyabrda Milli Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə Qran-pri turniri Bakıda keçirilməlidir. Artıq 15 ölkə qeydiyyatdan keçib. Bu, noyabrın 14-də baş tutmalıdır. Bu vaxta qədər ümumi situasiya ilə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda gerçəkləşəcək".

Nazir hazırda yarışlara azarkeşlərin buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb: "Biz ilk olaraq istəyirik ki, yarışlar olsun. Azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Bu gün 47 olimpiya kompleksi istifadəyə verilib. Hamısı işlək vəziyyətdədir və qapıları açıqdır. Biz qeyri-olimpiya idman növlərini də cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışlarını təşkil etməyə hazırıq".

Rəhimov qeyri-olimpiya növləri ilə məşğul olan idmançıların başqa sahələrə üz tutması barədə bunları deyib: “Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Bizim addımlarımız ancaq zalların qapılarını onların üzünə açmaq olar”.