Son günlər sosial şəbəkələrdə taksilərin qiymətlərinin bahalaşması məsələsilə bağlı geniş müzakirələr aparılır.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin keçmiş şöbə müdiri Hikmət Babayevin İTV-nin efirində səsləndirdiyi fikirlərdən sonra cəmiyyətdə taksi xidmətlərinin bahalaşacağı mövzusu aktuallaşdı.
Məhz bu müzakirələrdən sonra ilk nəzərə çarpan "1 manatlıq" taksilərin azalması oldu. Əsasən axşamlar “Şamaxinka” adlanan ərazidə dayanan və “Masazır”, “Biləcəri” istiqamətlərinə hərəkət edən “1 manatlıq” taksilər əvvəlki günlərdəkindən azalıb. Sürücülər bunu Bakı Nəqliyyat Agentliyinin işçilərinin onlara yaratdığı maneələrlə əlaqələndirirlər.
“Əvvəllər şərait vardı, dayanırdıq, istəyən sərnişini apara bilirdik. İndi çoxu BNA işçilərindən çəkinir. Ona görə də, çoxu daha yolda dayanıb, sərnişin mindirmirlər”, - deyə sürücülər bildiriblər.
Gözə çarpan məsələlərdən biri də ümumilikdə taksi xidmətmətlərində qiymət artımıdır. Sərnişinlərin ən çox istifadə etdiyi "Bolt" , "Uber" , *2111, *9933 taksi xidmətlərinin qiymətləri ötən günlərə nisbətən artıb.
Bahalaşma əsasən günün PİK saatlarında baş verir. Taksi şirkətləri bunu tələbatın çox olması ilə əsaslandırırlar.
Qeyd edək ki, əvvəllər Biləcəri qəsəbəsindən Gəncə prospektinə 6.80 AZN-ə gedən taksi indi 9 manata aparır. Əgər günün adi saatlarında “28 may” metrosundan Biləcəriyə 5 manata taksi gedirsə, PİK saatlarında bu qiymət 10 manata qədər yüksəlir. Müzakirələrdən əvvəl eyni istiqamətdə adi vaxtlarda 4,10 AZN, PİK saatlarında isə 7 manat idi.
Ekspertlər də məsələyə birmənalı yanaşmır. Məsələ ilə bağlı yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov BAKU.WS-ə açıqlamasında bildirib ki, taksilərdə qiymət artımını süni qiymət artımı kimi qiymətləndirmək etmək olar.
“Əslində bunu qiymətlərin artırılması barədə olan söz-söhbətlə bağlamaq düzgün olmaz. Ona görə ki, hələ hər hansı bir qərar yoxdur. Sadəcə olaraq bu informasiya sosial şəbəkələrdə yayılmışdı və bununla bağlı cəmiyyətdə mənfi rəy formalaşmışdı.
Nəticə etibarı ilə bu məsələ yenidən işlənilməyə göndərildi. Burada söhbət təkcə qiymətdən getmir. Müəyyən yeniliklərin tətbiq olunması barədə də işlər gedir. Hazırkı vəziyyətdə qiymətlərin artırılması süni şəkildə baş verir”, - deyə Azər Allahverənov bildirib.
Ekspert deyir ki, müxtəlif operatorlar vasitəsi ilə taksi sifariş olunan zaman günün PİK saatlarında qiymətlərin artımı müşahidə olunur:
“Bunu da həmin saatlarda tələbatın təklifi üstələməsi ilə əlaqələndirirlər. Taksi qıtlığı yaranır və qiymətləri qaldırmağa məcbur olurlar.
Digər tərəfdən isə danılmaz bir fakt var ki, PİK saatlarda yollarda tıxac olur. Nəqliyyat vasitələrinin sıx olduğu şəraitdə taksi xidməti göstərən avtomobillərin xərcləri də artır, yəni, tıxacda çox qalan avtomobil daha çox yanacaq sərf edir. Bu da nəticə etibarı ilə sürücünün gəlirinə təsir göstərir və qiymət artımı baş verir”.
A.Allahverənov düşünür ki, 1 manatlıq taksi fəaliyyəti göstərənlərin sayının azalmasının səbəbi başqadır:
“Bunu qurumların ciddi nəzarət ilə bağlı olduğunu düşünürəm. Misal üçün, Şamaxinka deyilən ərazidə bir ay bundan əvvəl 100 taksi xidmət göstərirdisə, bu gün siz 100 taksi görməyə bilərsiniz.
Çünki müəyyən müəssisələr fəaliyyət göstərmirdi və insan sıxlığı az idi. Amma indi intensivlik müşahidə olunur.
Həmçinin yollar açılıb və bu gün həmin taksilər bölgələrə doğru hərəkət edirlər. Bununla da bir sıra ərazilərdə nəqliyyat vasitələrinin qıtlığı hiss olunur. Bu da qiymətə təsir göstərir”.