Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndi ərazisindəki su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Düşmən tərəfdən mənbəyini götürən İncəsu çayı bu anbara tökülür.
Nəticədə ora yığılan sudan Kəmərli kəndi ilə yanaşı, İncə dərəsinin digər kəndləri olan Qaymaqlı və Aslanbəyli kəndlərinin sakinləri də istifadə edirdi. Görünən odur ki, anbarda su demək olar ki, yoxdur. Sakinlər deyir ki, ermənilər qəsdən bura gələn İncəsu çayının qarşısını kəsib. İndi düşmən hər vəchlə çayın Azərbaycan ərazisinə keçməsinə mane olmağa çalışır.
Qazax Suvarma Sistemləri İdarəsindən bildirdilər ki, suyun anbara toplanması ancaq İncəsu çayı vasitəsilə mümkündür. Bu isə bədnam qonşularımızın nəzarətindədir. Qurumdan həmçinin qeyd edilib ki, İncə dərəsi istiqamətində Kür çayındakı 3 pilləli nasos stansiya 1553 hektar suvarılan sahəni suvarma suyu ilə təmin edir. Məsələnin həlli ancaq Kür çayından yenidən yeni nasos stansiyasının qurulması ilə mümkün ola bilər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub.