Son 10 gün ərzində onlayn sifariş əsasında Dövlət İmtahan Mərkəzinin (DİM) 100-dən çox nəşrinin respublikanın şəhər və rayonlarında birbaşa ünvanlara çatdırılması təmin edilib.
Bizimaz.az xəbər verir ki, Mərkəzdən Moderator.az-a bildirilib ki, DİM-in nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür.
İstifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin adı, soyadı, atasının adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.
Daha sonra həmin nəşrlər “Abituriyent” jurnalının əməkdaşları və ya poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5 gün ərzində sifarişçinin ünvanına çatdırılır.
Qeyd edək ki, hər bir nəşrin ünvana çatdırılma xərci 1,5 manatdır. Ümumi məbləği 20 AZN-dən çox sifariş üçün çatdırılma pulsuzdur. Nəşrlərin sifarişi ilə bağlı çətinlik və ya çatdırılmasında ləngimə yaranarsa, 012-489-02-59 nömrəsinə zəng etmək və ya abiturient.journal@gmail.com ünvanına yazmaq olar.
“Abituriyent” jurnalının nəşrlərinin elektron versiyalarını (pdf formatında) isə DİM-in saytında əldə etmək mümkündür.