Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin aprelin 1-dən 9-na qədər araşdırmalarına əsasən, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən tədbirlərlə əlaqədar küçə və prospektlərdə nəqliyyat axınında təxminən 30% azalma müşahidə edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. BNA sözçüsü qeyd edib ki, xarici ölkə şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyat axını ilə bağlı azalma ən az 60-70% təşkil edir:
“Karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Belə ki, son bir ayda paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur. Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tulantıların həcminin azalmasına səbəb olub. Paytaxtın bəzi küçə və prospektlərindəki işıqforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib. PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%, karantin rejimində 70%-ə enib. Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60% qədər azalıb”.
Onun sözlərinə görə, son iki gündə, yəni aprelin 8 və 9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.
BNA sözçüsü qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırıb.