“Vətəndaşlar elə başa düşür ki, bu dəqiqə qeydiyyatdan keçməsələr, daha sonra birdəfəlik ödənişdən məhrum olacaqlar. Xüsusi karantin dövründə işsiz vətəndaşlar portala daxil olaraq müraciət edə bilər. Bu da aprelin 20-dək müəyyən edilib”.
TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "e-sosial.az" portalında yaranmış problemi şərh edərkən deyib.
F.Talıbov bildirib ki dövlət məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınan vətəndaşlara pandemiyadan zərəçəkmiş kimi tanınaraq 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub: "Burada işsiz şəxs statusunun kimə şamil edilməsi əsas məsələdir. İşsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Təəssüflə qeyd etmək istəyirik ki, bu tədbirdən istifadə etmək istəyən muzdlu şəxslər də, məşğul şəxslər də portala müraciət edirlər və bu da portalın əlavə yüklənməsinə gətirib çıxardır. Hazırda sistemin təkmilləşdirilməsi ilə bağlı iş həyata keçirilir və çox qısa zamanda həll olunacaq. Sistemin mobil tətbiqi də var".
Qurum rəsmisinin sözlərinə görə, yüklənmələrin və əlavə çətinliklərin qarşısını almaq üçün bu günlərdə rayonlar üzrə müraciətlərin qrafikini açıqlayacaqlar: "Dünəndən qarşılaşdığımız ən çox suallardan biri də odur ki, vətəndaşlarımız portalın adında çətinlik çəkir. Vətəndaşlar "e-sosial.az" portalına daxil olmalıdır .Ödənişin verilməsində ünvanlılıq əsas götürülür. Ödənişin qlobal problemdən real əziyyət çəkən vətəndaşın ünvanına çatmasından söhbət gedir. Çünki bütün işsiz şəxslərə də bu birdəfəlik ödəniş verilməyəcək”.