Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür.
İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal koronavirusa qarşı sistemli mübarizə aparan öncül ölkələr sırasındadır və bu tədbirlər bu gün bütün dövlət qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilir:
"Heç bir ölkə bizim qədər qabaqlayıcı tədbirlər görməyib. Amma bəzi insanlar dövlətin qoyduğu qadağalara əməl etmək istəmirlər.
Başa düşmürlər ki, bununla öz sağlamlıqlarını təhlükəyə atırlar. Axı küçəyə çıxıb virusa yoluxmağa nə lüzum var?!
Mən insanlara demək istəyirəm ki, bu pandemiyanın mahiyyətini dərk edin və karantin rejiminin tələblərinə əməl edin.
İndi nə tədbirlər həyata keçirilirsə, bunların hamısı sizin sağlamlığınız üçün edilir. Epidemiya sizdən heç nə soruşmur, o, harada oldu, sizi yoluxdura bilər.
Hazırkı şəraitdə ən gözəl tədbir evləri tərk etməmək, evdə qalmaqdır. Mən bir epidemioloq kimi insanlardan xahiş edirəm ki, heç kim evini tərk etməsin".
İ.Ağayev əlavə edib ki, evdən kənara çıxan insanlar evə qayıtdıqda ilk olaraq əllərini təmiz yumalıdırlar:
"Xəstəlikdən qorunmaq üçün insanlar otaqlarının havasını tez-tez dəyişməli, istifadə etdikləri tərəvəzləri duzlu suda saxladıqdan sonra su şırnağı altında yumalıdırlar.
Bərk meyvələrin isə istifadə etməmişdən əvvəl üstünə qaynar su axıtmaq yaxşı olardı".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.
istinad