Bazar günü 242 nəfər Azərbaycan vətəndaşı İstanbul hava limanından çarter reysi ilə Bakıya yola salınıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev yerli mətbuata bildirib.
Nazirlər Kabineti yanında operativ qərargah bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında hava və quru sərhədi müvəqqəti dayandırılmasından sonra bazar günü Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçirilib.
"Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan Respublikası vətəndaşlarının növbəti günlər ərzində Azərbaycana gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək", - məlumatda deyilir.
Qərargah bildirib ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar arasında Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olanlara, Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edənlərə, Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olanlara, yaşlılara, azyaşlı uşağı olan və ya xəstəlik durumu olanlara üstünlük veriləcək.
Türkiyədən qayıdan şəxslərin müayinədən keçiriləcəyi, zərurət yarandığı halda, 14-28 günlük karantin rejiminə yerləşdiriləcəkləri bildirilib.
Nazirlər Kabinetinin məlumatında deyilir ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən vətəndaşlar Azərbaycanın Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçməlidirlər.
istinad