Bakı şəhəri, Səbail rayonu, İ.Səfərli küçəsində yerləşən M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 1 saylı filialı fəaliyyətini dayandırıb.
Bizimaz.az xəbər verir ki, sosial şəbəkələrdə kitabxanadakı kitabların kisələrə yığılaraq daşınması ilə bağlı məlumat yayılıb. Kitabxananın daha fəaliyyət göstərməyəcəyi, yerində ticarət obyektinin açıqlacağı deyilir.
M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının telefon nömrələri isə zənglərə cavab vermir. Kitabxananın saytından hazırda orada köçürülmə prosesinin getdiyini, buna görə zənglərə cavab ala bilməyəcəyimizi dedilər.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən isə kitabxananın təmir məqsədilə bağlandığını dedilər. Su sızmaları, nəm olduğu üçün təmir işlərinin aparılmasına qərar verilib.
“Təmirlə əlaqədar kitabxanadakı kitabların bir qismi Xətai rayonu, Gəncə prospekti, 453də yerləşən M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasına daşınıb. Təmir işlərinə gələn həftədən başlanacaq. İşlər yekunlaşandan sonra kitabxana fəaliyyətini davam etdirəcək”, - deyə məlumatda bildirilir.