Xəbər lenti



Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qarşıda duran məsələlərin müzakirəsi ilə bağlı tədbir baş tutub.

Tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetin elmi innovasiya potensialının artırılması, beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, elmmetrik bazalarda nəşr olunan məqalələrin sayının artırılması barədə qarşıda duran məsələləri diqqətə çatdırıb.



Elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” istiqamətində Universitetdə aparılan işlər barədə məlumat verib. Ayrıca fermerlər üçün bitkiçilik məhsullarının becərilməsinə dair texnoloji yol xəritələrinin hazırlanmasının önəmindən bəhs edib və bu istiqamətdə də işlər aparıldığını vurğulayıb.

Tədris şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Elay Zeynallı ADAU-da 2023-cü ildə baş tutacaq ali təhsil müəssisələrinin akkreditasiyadan keçməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məlumatı professor-müəllim heyyətinin diqqətinə çatdırıb.

Elm şöbəsinin müdiri Elçin Nəsirov elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat hallarının olmasının mənfi tərəfləri və bu halların qarşısının alınması strategiyaları barədə tədbir iştirakçılarına məlumat verib.

Sonda İbrahim Cəfərov tərəfindən Zoomühəndislik fakültəsinin dekanı, professor Qənbər Abdullayevə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü adına layiq görülməsi ilə bağlı diplom təqdim edilib.


Dünyada 518 480 076 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

 Virusdan 6 280 287 xəstə ölüb, 473 395 187 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (83 778 760 nəfər), Hindistan (43 110 586 nəfər), Braziliya (30 594 388 nəfər), Fransa (29 021 224 nəfər) və Almaniyadır (25 490 156 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 18 237 227, Türkiyədə 15 046 779, İranda 7 226 219, Gürcüstanda 1 655 221, Ermənistanda isə 422 896 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 792 638 nəfərin 9 709-u ölüb, 782 869 xəstə sağalıb.



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bilik yarışı baş tutub.
Tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub. Sonra Dövlət Himinin səsləndirilməsi ilə yarış başlanıb.
Yarışda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor, dosent Azad İbrahimov, EGE Universitetinin bir qrup alimi, fakültə dekanları, professor-müəllim heyəti, magistr və bakalavr tələbələr iştirak ediblər.
Ümumilikdə bilik yarışında "Zəfər" və "Uğur" komandası olmaqla 24 nəfər tələbə iştirak edib.
Yarışma Torpaqşünaslıq və aqrokimya fakültəsinin "Zəfər" komandasının qalibiyyəti ilə başa çatıb.
Sonda qaliblər təşəkkürnamə və hədiyyələrlə təltif olunublar.

 







Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə məlumat verilib.




Aqronomluq fakültəsində keçirilən görüşdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qeyd olunan təcrübə proqramı aqronumluq, torpaqşünaslıq, aqrokimya, baytarlıq, zoomühəndislik, aqrobiznes, iqtisadiyyat, biologiya, qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələr, magistrantlar və məzunlar üçün böyük fürsətdir. Rektor, namizədləri bu fürsətdən yararlanmağa çağıraraq təlimin yarandığı dövrdən bəri 20 000-dən çox iştirakçıya yeni bilik və bacarıqlarını bir peşəkar kimi öz torpaqlarında uğurla tətbiq etməsi üçün böyük motivasiya və imkanlar yaratdığını diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edən təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq və fermerlərin mentorluğu ilə inovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcəklər.

Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.

Təcrübə proqramı barədə məlumat xarakterli tədbirlər gün ərzində universitetin bütün fakültələrində davam edib.


Dünyada 495 413 360 nəfərdə koronavirus aşkarlanıb. 

Virusdan 6 191 495 xəstə ölüb, 430 996 569 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (81 950 247 nəfər), Hindistan (43 031 958 nəfər), Braziliya (30 067 249 nəfər), Fransa (26 390 471 nəfər) və Almaniyadır (22 164 060 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 17 940 765, Türkiyədə 14 929 905, İranda 7 180 008, Gürcüstanda 1 650 384, Ermənistanda isə 422 610 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 792 141 nəfərin 9 701-i ölüb, 782 143 xəstə sağalıb.



“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirkli bölgələrindən biridir”. 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

“Minalar, müharibə zamanı partlamamış qalıqlar münaqişələr bitdikdən 10 illər sonra sülhə və əmin-amanlığa böyük əngəllər törədir. Münaqişədən sonra da minaların təmizlənməsi ən önəmli proses olaraq qalır. Minalar və partlamamış sursatlarla çirklənmə baxımından Azərbaycan təəssüf ki, dünyada yüksək yerləri tutur”, - Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə hazırda işğaldan azad olunan ərazilərdə minalar qalmaqdadır və onların təmizlənməsi prosesi davam etdirilir: “İlk olaraq məqsəd həyat itkisinin qarşısını almaqdır. Azərbaycan yalnız humanitar minatəmizləmə fəaliyyəti ilə məşğul olur. Əsas məqsədimiz bu bölgələrə əhalinin qaytarılmasını təmin etməkdir. Müharibədən sonra 200-dək vətəndaşımız minanın qurbanı olub. Biz Ermənistandan minalanmış ərazilərin xəritəsini almışıq. Lakin onların dəqiqliyi 25 faizdir. Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinin sürəti minalardan təmizləməsi prosesinin gedişindən asılıdır. Azərbaycan hökuməti bu istiqamətdə öz səylərini əsirgəmir. Hökumətimiz inteqrasiyanın yaxşılaşdırılması üçün əlindən gələni edir. 



“Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib: “Rusiya Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna Prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir. Dünən Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib”.

Deputat qeyd edib ki, Ukrayna Prezidenti öz “Twitter” hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib: “Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu, Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur. Volodimir Zelenski həmçinin Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada infilyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, bu Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal infilyasiyası qaçılmazdır. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər”.

“Bütövlükdə, yeni düzən fonunda regionun geo-siyasi və geo-iqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın geo-siyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir”, - deyə Vüqar Bayramov bildirib.

 Aytac Aslan



Dünyada 482 177 926 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

 

Virusdan 6 148 375 xəstə ölüb, 416 595 300 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (81 621 888 nəfər), Hindistan (        43 020 723 nəfər), Braziliya (29 842 418 nəfər), Fransa (25 029 573 nəfər) və Böyük Britaniyadır (20 691 123 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada  17 762 742, Türkiyədə  14 800 677, İranda 7 151 088, Gürcüstanda 1 646 316, Ermənistanda isə 422 458 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 791 750 nəfərin 9 681-i vəfat edib, 781 741 xəstə sağalıb.





Elimizə-obamıza yaz gəlir. Təbiətin nazlı gəlini bahar yenə də cilvələnir. Təbəssümlə boylanan günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Kol dibindən boylanan bənövşə, rayihəsini yaz mehinin qanadlarında ətrafa yayan novruzgülü baharın müjdələri kimi könül oxşayır. Həzin mehin yüngülcə dalğalandırdığı çiçəklər, otlar naz satan gözəllərə bənzəyir sanki. Yazda təmiz, sərin havanı sinə dolusu ciyərlərimizə çəkəndə yamyaşıl otların üzərində gəzib, ətirli çiçəklərdən dərəndə təbiətin nə qədər ecazkar və gözəl olduğunu bir daha duyuruq. Qoy, yaz günəşi daha möhkəm şığısın, dərələri ağ köpüklü çayların səsi bürüsün, yaz yağışları təbiətə can versin..





Fəsillər ümumiyyətlə insan əhvalına ciddi təsir edən təbiət qanunauyğunluğudur. Yaz fəsilində təbiətdə olan canlanma insanlara da sirayət edir. Havaların isinməsi, zərif çiçəklərin, otların torpaqdan baş qaldırması, iliq küləklərin əsməsi, yaz yağışı və s. təbii hadisələr insana, “inkişaf elə”, “ bəhrələn”, “ yaşa” kimi sözlər pıçıldayır. Məhz bu səbəbdəndir ki, insan özünu bu fəsildə bəxtiyar hiss edərək isinməyə ekvivalent-tonqal qalayır, cücərməyə, canlanmaya ekvivalent-səməni hazırlayır, bərəkətə ekvivalent-bişmişlər bişirir və xoşbəxt olduqlarını ifadə etmək üçün çal-çağır, toy-bayram ayini keçirir.

Novruzun qədim və geniş miqyaslı bayram olması məhz insan təbiətinə, insan halına nə dərəcədə uyğun olmasını bir daha gözlər önünə gətirir. Günəş-Yer münasibətlərindən Günəşdən gələn şüaların Yerə düşmə bucağından, havadakı nisbi rütubətdən, buludların formasına kimi demək olar ki, hər şey dəyişir. El arasında “ Qırx ikindi” adı verilən leysan yağışlar başlayır. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər və anbarlar su ilə dolur. Bu da əkin sahələrini suvarmaq üçün su ehtiyyatını artırır.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur.

Əvvəlcə, hər yer su idi, sonra su üzərində torpaq yarandı, su ilə torpağın qovuşuğu odu meydana gətirdi. Yel isə bu ünsürlərə həyat verdi. Beləcə, 4 müqəddəs ünsürün- su, torpaq, od və havanın qarşılıqlı həyat  mexanizmini yaratdı.

 Boz ayın birinci çərşənbəsində yazın nəfəsi ilk əvvəl suya toxundu, payızdan bəri qurumuş çaylara su gəldi. Bu, o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxtalar sınmağa, zəifləməyə başlayır. Xalq arasında ilk çərşənbənin «Sular Novruzu», yaxud «Su çərşənbəsi» adı ilə tanınması da elə bu inamla bağlıdır.

İkinci çərşənbə Od çərşənbəsində od rəmzi istilah daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, sayalı, arındırıcı bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. M.Təhmasibin qeydlərinə görə, xalq, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Yel çərşənbəsinə «hava çərşənbəsi», «külək oyadan çərşənbə» də deyərlər. Bu çərşənbədə insanlar al-yaşıl geyinər, bulaqlara 7 yerdən göz açarlar. Həmin gün insanlar ağac altında oturub niyyət edər, yel babanı köməyə çağırarlar. Əgər həmin an meh hiss etsən, deməli, arzun yerinə yetəcək.

Sonuncu çərşənbə Torpaq çərşənbəsidir. Bu çərşənbənin də özünəməxsus inancları var. Əski inanclara görə, təbiətdə bütün mövcud olanlar üçün əsas torpağın oyanması ilə bağlıdır. Torpaq həyat mənbəyidir, yaradıcı olduğundan ona ana torpaq deyirik. Torpağa sədaqət, məhəbbət anaya, Vətənə məhəbbətlə bərabər tutulur. Torpaq təpərdir, torpaqda güc var, ondan yapışsan, ona əyilsən, zəhmət təri ilə suvarsan, səni qaldırar.

Odur ki, təbiətin bizə bəxş etdiyi bu gözəllikləri qoruyaq, təbiətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməyək.


Dünyanın Müxtəlif Bölgələrində Yaz FƏSLİ - FOTO


Bütün Azərbaycan xalqını “Novruz bayramı münasibəti ilə təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrələrinizi ruzi, qəlbiniz isə xoş hisslərlə doldursun...”

Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun.

Bayramınız mübarək olsun.

 

Cəmilə Səlimova

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin müəllimi



Prezident İlham Əliyev "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

Fərmanda qeyd edilir: 

1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.

2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;

2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;

2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov