Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələrinə məlumat verilib.
Aqronomluq fakültəsində keçirilən görüşdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, qeyd olunan təcrübə proqramı aqronumluq, torpaqşünaslıq, aqrokimya, baytarlıq, zoomühəndislik, aqrobiznes, iqtisadiyyat, biologiya, qida təhlükəsizliyi və qida mühəndisliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələr, magistrantlar və məzunlar üçün böyük fürsətdir. Rektor, namizədləri bu fürsətdən yararlanmağa çağıraraq təlimin yarandığı dövrdən bəri 20 000-dən çox iştirakçıya yeni bilik və bacarıqlarını bir peşəkar kimi öz torpaqlarında uğurla tətbiq etməsi üçün böyük motivasiya və imkanlar yaratdığını diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edən təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq və fermerlərin mentorluğu ilə inovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrində iştirak edəcəklər.
Sonda tədbir iştirakçılarının maraqlandıran suallar cavablandırılıb.
Təcrübə proqramı barədə məlumat xarakterli tədbirlər gün ərzində universitetin bütün fakültələrində davam edib.