Xəbər lenti

“Qarabağ mənə Hollivud filmlərindəki cansız məkanı xatırlatdı”
 

“Qafqazinfo” bir neçə gün öncə Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edən “Trend” agentliyinin baş redaktoru Elçin Vəliyevin qeydlərini təqdim edir:

 

“17-22 noyabrda Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Erməni jurnalistlər Bakı, Quba və Gəncə şəhərlərində oldular. Azərbaycan jurnalistləri isə Yerevan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər etdilər.

Səfərlə əlaqədar erməni mediasında, sosial şəbəkələrdə çoxsaylı materiallar təqdim olundu və fərqli fikirlər nümayiş etdirildi. Erməni jurnalistlər və bu səfəri bilavasitə kurasiya edən Ermənistan Xarici İşlər Nazirliyi və Baş nazir aparatı təbliğat maşınını işə salmağa çalışdı. Yazılanları, xüsusilə səfərdə iştirak etmiş erməni jurnalistlərin müsahibə və materiallarını diqqətlə izləyərək yekunda bunları yazmaq istərdim.

- Bu səfərlə bağlı nə matəm tutmağa, nə də ki xüsusi sevinməyə əsas yoxdur. Belə baxanda nə baş verib ki? Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyib və münaqişə həll edilməyib. Üç nəfər sadə jurnalist qarşılıqlı səfər edib.

- Ermənistanın özünün bu səfərin həyata keçirilməsi üçün çoxsaylı xahiş və minnət etməsinə baxmayaraq, yekunda bu səfəri təbliğata çevirməyə cəhd göstərdi. Nəyə görə? Cavab çox sadədir. Erməni jurnalistlərinin davamlı təbliğatı əsasında Azərbaycan haqqında inandıqları bir virtual reallıq var idi. Bu reallıq 90-cı illərin əvvəllərində olan Azərbaycandır. Onlar Azərbaycanda xaos, qatı ksenofobiya, hərc-mərclik, yoxsulluq və kasıblıq, İslam fundamentalizmi və sair neqativ hallar görmək arzusunda idilər. Onların fikirləri bəzi anti-Azərbaycan medianın stereotipləri əsasında formalaşır. Ona görə də qrupun tərkibində olan və təxribatçı olduğu bilinən erməni jurnalistlərin Azərbaycana gəlməsinə etiraz edilmədi. Gördüklərinə inanmayan və virtual reallıq hissi məhv olan erməni jurnalistlər əsl reallığı, müasir, inkişaf edən və gələcəyə baxan Azərbaycanı və onun regionlarını gördülər. Erməni jurnalistləri Azərbaycanda mövcud olan multikultural mühit ilə tanış oldular, dinamik vətəndaş cəmiyyəti və tələbkar media nümayəndələri ilə görüşdülər.

- Əslən Qarabağdan olan jurnalistin də Azərbaycana gəlməsinə imkan yaradıldı. Qarabağ Azərbaycanın tarixi torpağıdır və orada yaşayan ermənilər və azərbaycanlılar ölkəmizin vətəndaşıdırlar. Qarabağdan olan erməni əsilli vətəndaşımızın Bakıya gəlməsi və hökumətin vətəndaşlara göstərdiyi DOST və ASAN xidmətlərlə tanış olması onun Azərbaycanla fəxr etməsinə imkan yaradacaq. Onun bu səfəri və Bakıda Dağlıq Qarabağın Azərbaycan icması ilə görüşü, eyni zamanda, icmalararası dialoqun tərkib hissədir. Artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bu xüsusda bəyanatla çıxış edib.

- Erməni jurnalistlər öz gözləri ilə gördülər ki, Azərbaycan cəmiyyətində münaqişənin həlli ilə əlaqədar bir mövqe var. Bu da Azərbaycanın ərazi bütövlüyüdür və bu, qırmızı xətdir. Bu çərçivədə digər məsələlər müzakirə oluna bilər.

- Əldə etdiyim məlumata görə, səfərlə əlaqədar ilk olaraq həmsədrlər bəyanatla çıxış etmək istəyirdilər. Sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyanatla çıxış etməli idi. Guya Azərbaycan tərəfi buna razılıq verməyib. Əgər Azərbaycan razılıq verməyibsə, düşünürəm ki, düzgün qərar qəbul edib. Axı nə baş verib ki, bununla əlaqədar bəyanat verilsin? Həmsədrlərin 25 ildən artıq səfərinin yeganə nəticəsi yalnız elə bu jurnalistlərin səfərinin təşkil edilməsidir?

- Hər hansı stereotip və ya təbliğatdan kənar onu deməliyəm ki, Ermənistanda gördüklərim məni təəccübləndirmədi. Yəni, nəyi gözləyirdim, onu gördüm. Gürcüstan sərhədindən Yerevana qədər gedən yolda boş və dağınıq vəziyyətdə olan yaşayış məntəqələri mövcuddur. Demoqrafiya və yoxsulluq açıq gözlə hiss olunur. Ölkənin xarici yeganə çıxışı olan strateji yol texniki cəhətdən aşağı səviyyədədir. Yol boyu canlı həyat hiss olunmur.

- Yerevanda münaqişə ilə əlaqədar etinasızlıq və maraq azlığı hiss olundu. Bakıya gələn jurnalistlər kimi erməni QHT nümayəndələri və jurnalistlər də stereotiplərlə yaşayırlar. Münaqişəni daha çox pul qazanmağa çevirmək cəhdləri hiss etdim. Nəzərə almaq lazımdır ki, Leyla Yunusun dostları olan erməni QHT rəhbərləri də "xalq diplomatiyası" adı altında qərb dairələrindən çoxlu qrantlar alırdılar.

- Ermənistan cəmiyyətində ölkənin üzləşdiyi strateji çətinlikləri, ölkənin iqtisadi inkişafının perspektivsizliyini görür və dərk edirlər, amma onu etiraf etməkdə çətinlik çəkirlər, çünki ciddi kompleksləri var. Onlar təklikdə söhbət edəndə bunu etiraf edirdilər.

- Yerevanda nələrinsə tikilmədiyini demək çətindir. Amma bu, dövlət siyasəti deyil, diasporadan olan fərdi erməni milyonerlərin ianəsi hesabına tikilir.

- Ermənistanda elə bir ailə yoxdur ki, xaricdən ianə almasın. İqtisadiyyatın əsasını da bu təşkil edir. Təmasda olduğumuz şəxslər də bunu etiraf edirdilər.

- Ermənistan cəmiyyətində kəskin anti-Rusiya meylləri vardır. Bunun Nikol Paşinyan komandasından qaynaqlandığını demək olar.

- Ermənistanda İnformasiya Texnologiyaları sektorunun inkişafı ilə bağlı səslənən fikirlər şişirdilirdi. Təbii ki nəsə var. Amma bunu "Silikon vadisi" kimi təqdim etmək, sadəcə, təbliğatdır. Bu sahədə Azərbaycan Ermənistandan azı bir on il qabaqdadır.

- N.Paşinyanın bir qədər komik rəhbər olduğunu artıq qəbul etməyə başlayıblar. Onun komandasının zəif və qeyri-peşəkar olduğu da qeyd olunur. Eyforiya dövrünün başa çatdığını başa düşürlər. Sarkisyan və Köçəryan mafiyasından hələ də qorxu var. Amma bundan sonra nə? Növbəti inqilab? Bunlar erməni cəmiyyətini narahat etməyə başlayıb.

- İşğal olunmuş ərazilərdə demoqrafik problem daha aydın görünür. Yol boyu boşluqdur. Şuşa şəhərində canlı həyatdan danışmaq çətindir. Qarabağ mənə Hollivud filmlərində olan cansız bir məkanı xatırlatdı. Xankəndidə şou məqsədilə qeyri-rentabelli iaşə müəssisələri tikilib. Bu da daha çox təbliğatdır, nəinki real iqtisadiyyat. Həm Ermənistanda, həm də Qarabağda ciddi müharibə xofu vardır. Azərbaycanın hərbi baxımdan güclü olduğunu başa düşürlər.

- Şuşadakı Gövhərağa məscidi İran üslubunda təmir olunub. İran şirkətlərinin bu layihədə iştirakı danılmazdır. Hesab edirəm ki, bu, İran hökuməti qarşısında qaldırılmalıdır.

- Qarabağda olan ermənilər görüşə qorxu halında gəlmişdilər. Onlara xüsusi xidmət orqanları ciddi xəbərdarlıq etmişdi. Bizimlə görüşü jurnalistlərdən biri gizlincə telefon vasitəsilə videoya çəkirdi. Bu insanlar keçmişdə donub qaldıqlarını başa düşür, gələcəyə ümidsiz və çarəsiz baxırlar. Onlar, həmçinin Yerevanda və xaricdə olam erməni siyasətçilərinin əllərində alət olduqlarını başa düşürlər. Nəzarət altında olan söhbət əsnasında belə bunu görmək mümkün idi.

- Guya bizim səfəri "qondarma rejimin "XİN"i təşkil edib" - deyə fikirlər də cəfəngiyyatdır. Biz ATƏT-in nəqliyyat vasitələrində hərəkət etmişik. Eyni zamanda, jurnalist olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması nümayəndələri ilə təmaslar da vacibdir. Düşünürəm ki, orada olan sadə insanlarla təmaslar artırılmalıdır. Əminəm ki, təbliğatdan kənar onlar gəlib Azərbaycanı görsələr, yenidən Azərbaycan daxilində yaşamağa ikiəlli razı olarlar.

P.S Düşünürəm ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın strategiyası düzgündür. İşğal altında olan 20 faiz ərazimizi geri qaytarmaq üçün 80 faiz ərazimiz inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin də yürütdüyü siyasət budur. Güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu”.

 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov