Nazirlər Kabinetinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan İbrahim Məmmədov təyinatdan öncə ARB Media Qrupda rəhbər vəzifədə çalışıb. O, eyni zamanda sözügedən şirkətdə analitik verilişin aparıcısı olub.
Bəs bu yeni təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?
Məsələ ilə bağlı Axar.az-a danışan ARB Media Qrupun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli İ.Məmmədovun ARB-dəki işinə davam edəcəyini bildirib:
“Ona yeni işində uğurlar arzulayırıq. Bu həmkarımıza göstərilən yüksək etimaddır və biz də əminik ki, İbrahim Məmmədov bu işin də öhdəsində uğurla gələcək. ARB Media Qrupundakı fəaliyyətinə gəlincə, bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq”.
O.İbrahimli ARB-də çalışan digər mətbuat xidmətləri rəhbərlərini də xatırladıb:
“Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə ARB TV və ARB24-də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla bağlı razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.