“Sülh çeşməsi” əməliyyatı ilə bir daha gördük ki, qarşımızdakılar bir əsr əvvəl nə hiss edirdisə, onu hiss edir. Görünüşdə nə qədər mədəni, nə qədər zəngin, nə qədər inkişaf etmiş olsalar da, içlərindəki kini, nifrəti, geridə qalmışlığı hər fürsətdə ortaya qoyurlar. Dəyişən bir şey yoxdur. Əməliyyat başladığı andan xaricdə, xüsusən Avropada terror qrupları mənsubları tərəfindən 700-ə yaxın aksiya keçirildi. Bunların çoxu NATO-da bizimlə bərabərdir. Bunların çoxu AB-də bizim əlaqəli olduqlarımızdır. Bütün bunlara baxmayaraq, aksiyalar keçirilir. Səs var? Yoxdur.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu aksiyalardan 79-u birbaşa bayrağımıza, missiyalarımıza, məscidlərimizə, dərnəklərimizə və ya vətəndaşlarımıza qarşı şiddət ehtiva etdi. Hücumlarda 36 nəfər yaralandı, ölkəmizə və ya vətəndaşlarımıza aid bina, maşın və iş yerlərinə ziyan vuruldu. Terror qruplaşması bu hücumlarını Avropa dövlətlərinin siyasi himayəsi altında həyata keçirir. O ölkələrin təhlükəsizlik orqanları məsumları qorumaq əvəzinə əllərini, qollarını tutaraq qarşı tərəfin rahat şəkildə davranmasına şərait yaradır.
Terror qruplaşmasını dəstəkləyən ölkələrə səslənirəm: Səhv edirsiniz, bu gün öz əlinizlə bəslədiyiniz terror ilanı, gec, ya tez, sizi də dişləyəcək. Küçələrinizdə bombalar partlamağa, terrorçuların silahları ölüm saçmağa, vandallar ətrafı yandırıb dağıtmağa başlayanda etdiyiniz səhvi, əlbəttə, anlayacaqsınız.
“Sarı jiletlilər” var ha, onlar bir ölkədə deyil, hamısında olacaq. Çünki “alma məzlumun ahını, çıxar ahəstə-ahəstə” deyiblər. Ancaq o zaman iş-işdən keçmiş olacaq. Gəlin yol yaxın ikən, bu yanlışdan dönün! Bir bəladan qurtulmaq üçün ölkənizdən içi silah dolu çanta ilə ayrılmalarına göz yumduğunuzu bilirik. Adlarını verdiyimiz terrorçular barəsində heç bir proses başlatmadığınızı bilirik. İndi də terrorçu olan öz vətəndaşlarınızı təhvil almamaq üçün qıvrandığınızı bilirik. İŞİD-də terrorçularınız var. “Aparın” deyirik, qaçırsınız. Bu terrorçuları yetişdirdiniz, niyə aparmırsız? Aparın! Apara bilməzlər, çünki bu bir az da xarakter məsələsidir. Siz mənafeyiniz üçün hər şeydən istifadə edirsiniz. İndiyə qədər həbs etdiyinizi sandığınız terror balonları bir gün hökmən partlayacaq. Buradakı çirkab hər tərəfinizə qan, xaos olaraq yapışacaq. O terrorçuların əlində neçə-neçə məsumun qanı var. Siz də eyni cinayətə ortaq olursunuz”, - Ərdoğan bildirib.