Prezident İlham Əliyevin son kadr və struktur islahatlarını çevikliyi ilə xüsusi diqqət çəkir.
Bizimaz.az: Axar.az xəbər verir ki, islahatların son mərhələsi 8 oktyabr tarixində start götürdü. Belə ki, 7 oktyabrda Milli Məclisin 18 oktyabra nəzərdə tutulan iclası 10 gün ertələnərək, 8 oktyabra keçirildi və Prezidentin yeni Baş nazir təyinatına baxıldı. Novruz Məmmədov istefa verdi, Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədov yeni Baş nazir kimi təsdiqləndi.
Əslində, bu təyinat Prezidentin həddən artıq çevik və qətiyyətli qərarı kimi nəzərləri çəkdi. Prezident bunu 15 oktyabr iqtisadi müşavirəsində də dilə gətirdi və açıq bildirdi ki, qətiyyətli siyasi iradə ortadadır.
Prezident nədən narazıdır?
15 oktyabr iqtisadi müşavirəsi Prezidentin narazı olduğu məqamların açıq mətnlə ifadəsi idi. Prezident islahatlara qarşı olan məmurlara xəbərdarlıq etməklə yanaşı, iqtisadi islahatların onun nəzərdə tutduğu göstəricilərə cavab verməməsindən narahatlığını bildirdi. Hamıya elan etdi ki, o, iqtisadi inkişafın bu tempi ilə razı deyil.
Bu, Prezidentin 8 oktyabrda Baş nazir vəzifəsi peşəkar iqtisadçı Əli Əsədovu niyə təyin etməsinin açıq izahı və həmçinin, ciddi islahatlar dalğasının başlandığı haqda mesajı idi.
Bunun ardınca Baş nazir müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun istefası baş verdi. Prezident istefa verənlərin qərarını təqdir etdi və yaşı 70-i keçən məmurlara bundan nümunə götürülməsi gərəkdiyini bildirdi.
Ötən gün isə bir-birinin ardınca baş verənlər artıq bir müddətdir Prezidentin incəliyinə qədər ölçüb-biçdiyi və qısa müddətdə icrasına başladığı islahatlar paketinin tətbiqi yönündə mühüm addım sayılmalıdır. İqtisadiyyat naziri Şahin Mustafayevin Baş nazirin müavini təyin edilməsinin ardından Vergilər naziri Mikayıl Cabbarovun İqtisadiyyat naziri vəzifəsinə gətirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin meqa-nazirliyə çevrilməsi ölkə həyatında mühüm hadisədir.
Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi də idarəetmə sistemində olduqca böyük struktur islahata kimi qiymətləndirilir.
Prezident Administrasiyasının rəhbəri, təcrübəli dövlət xadimi və hakimiyyətin əsas personalarından sayılan Ramiz Mehdiyevin vəzifədən azad edilməsi, AMEA prezidenti kimi elmi sahəyə getməsi dəmaraqla izlənilməkdədir. Buna baxmayaraq, Prezident Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasına daxil edilməsi barədə ayrıca bir sərəncam verməklə, yaşına görə vəzifədən ayrılan bu tərcübəli kadrdan dövlət maraqları üçün istifadə edilməsi gərəkdiyini də dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi.
Prezident daha kimlərə ismarış göndərdi?
Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən, Prezident hədəflərini elan etdi: sahibkarların incidilməsi, investisiya qoyan sahibkarları didərgin salmaq “ənənəsi”, “zəli kimi onlardan yapışmaq”, eyni zamanda, müəyyən məmurların şəxsi biznesi üçün təzyiq vasitələrindən istifadə etməsi və s. pis tendensiyalara birdəfəlik son qoyulmalıdır.
İqtisadiyyatı tormozlayan, şəffaflığa kölgə düşürən bu hallara qarşı bir müddət öncə müharibə elan edən Prezident son 15 gündə kölgə iqtisadiyyatına, obrazlı desək, ağır artilleriya zərbələri endirməkdədir. Qətiyyətli mövqe və sərt iradə ilə aparılan islahatlarda Prezident bölgələrdəki yerli məmurlara da xəbərdarlıq etdi.
Beləliklə, yeni kadr islahatlarının icra başçılarını da əhatə edəcəyi istisna edilməməlidir.
Gözlər PA-da
Hazırkı məqamda ölkənin mühüm postu – Prezident Administrasiyasının rəhbəri vəzifəsi boşdur və hələlik ora təyinat aparılmayıb. Kölgə iqtisadiyyatına zərbələrlə böyük layihəyə başlayan, iqtisadi sahədə köklü kadr və struktur islahatları aparan Prezident İlham Əliyevin prosesi icra strukturundakı ciddi dəyişikliklə davam etdirəcəyi böyük ictimai maraq və dəstəklə gözlənilir.
Beləliklə, Prezident İlham Əliyevin növbəti inqilabi dəyişikliklər prosesini, daha dəqiq istilahla desək, yeni inqilabını müşahidə etməkdəyik.