Xarici İşlər Nazirliyində Qoşulmama Hərəkatının (QH) oktyabrın 25-26-da Bakıda keçiriləcək dövlət və hökumət başçılarının XVIII sammiti ilə bağlı mətbuat konfransı keçirilib.
Bizimaz.az: Axar.az xəbər verir ki, mətbuat konfransı sammitlə bağlı ətraflı məlumatların verilməsi, o cümlədən tədbirin mediada işıqlandırılması məsələsinə həsr olunub.
Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkəmizin artıq oktyabr ayı ərzində ikinci zirvə görüşünə ev sahibliyi etdiyini deyib.
R.Həsənov xatırladıb ki, Azərbaycan 2011-ci ildən QH-nın üzvüdür:
“Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rol oynayan platformadır. BMT-dən sonra üzvlərinin sayına görə dünyada ən böyük təsisatdır. Dünyada sülhün, tərəqqinin təmin olunmasına töhfə vermək məqsədi daşıyır. Təşkilata üzvlük müxtəlif ölkələrlə əməkdaşlığın güclənməsinə imkan yaradır. Azərbaycan bu təşkilatda qısa zamanda böyük nüfuz qazanıb. 2016-cı ildə Venesuelanın Marqarita adasında keçirilən XVII sammitdə növbəti zirvə görüşünün Bakıda keçirilməsinə dair qərar qəbul edilib”.
R.Həsənov bildirb ki, bu günədək 158 dövlət və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakı sammitində iştiraklarını təsdiq ediblər:
“Onlardan 60-a yaxını dövlət və hökumət başçılarıdır. Tədbir 3 seqmentdən ibarət olacaq. Birinci seqment oktyabrın 21-22-də keçirilən, yəni artıq başlayan yüksək səviyyəli məmurların görüşüdür. Oktyabrın 23-24-də xarici işlər nazirlərinin görüşü, 25-26-da isə dövlət və hökumət başçılarının sammiti olacaq. Ona görə 3 seqmentdə olur ki, müəyyən sənədlər hazırlanır, sonra həmin sənədlər xarici işlər nazirlərinin, daha sonra dövlət başçılarının sammitinə təqdim olunacaq”.
R.Həsənov qeyd edib ki, Bakı sammitində 4 yekun sənədin imzalanması gözlənilir:
“Bunlar Bakı Zirvə Görüşünün yekun sənədi, Bakı Bəyannaməsi, Ev sahibi dövlətə Təşəkkür Bəyannaməsi və nəhayət, Fələstin üzrə Nazirlərin Bəyannaməsidir. İlk 3 sənədin mətninə Dağlıq Qarabağ münaqişəsi və xarici siyasətimizin prioritetinə dair bəndlər daxil edilib. Hazırda XİN tərəfindən Dağlıq Qarabağ münaqişəsi və xarici siyasət prioritetlərimizin digər sənədə daxil edilməsi istiqamətində də fəal iş aparılır”.
Nazir müavini qeyd edib ki, iclasda QH-yə sədrlik Venesueladan Azərbaycana keçəcək:
“Bununla da 3 il müddətinə hərəkata sədrliyi Azərbaycan prezidenti edəcək”.
R.Həsənov onu da bildirb ki, tədbirin işıqlandırılması üçün indiyədək 246 jurnalist qeydiyyatdan keçib.