Ankara ilə Vaşinqton arasında əldə olunan sazişə əsasən, PKK-PYD-SDQ terror qruplaşmasına təhlükəsizlik bölgəsi sərhədlərini tərk etməsi üçün verilən 120 saatlıq vaxt bu gecə Türkiyə saatı 22:00-da başa çatacaq.
Bizimaz.az: Axar.az xəbər verir ki, son məlumatlara əsasən, bölgəni ABŞ-ın nəzarəti altında 125 maşınlıq karvan tərk edib.
Məsələ ilə bağlı Almaniya mətbuatına danışan Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın 120 saatın başa çatmasından sonra terrorçuların bölgəni tamamilə tərk etdiyi qənaətinə gələcəkləri halda əməliyyatın dayandırılacağını açıqlayıb. Qalın həmçinin açıqlamasında terrorçulara əlavə vaxt verilməyəcəyini də vurğulayıb.
Terrorçulara verilən müddətin başa çatmasına təxminən 10 saat qaldığı bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Suriya ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə yollanacaq.
Kremlin görüşlə bağlı açıqlamasında bildirilib ki, liderlərin müzakirələri “Suriyanın şimal-şərqindəki vəziyyəti normallaşdırmağa” yönələcək.
Oktyabrın 19-da verdiyi açıqlamada “Olarsa olar, olmazsa qaldığımız yerdən əməliyyata davam edər, terrorçuların başlarını əzərik” deyən Ərdoğan Soçidə Putinlə hazırda rejimin nəzarətində olan, lakin təhlükəsizlik bölgəsinə daxil olması gözlənilən ərazilərlə bağlı danışıqlar aparacaq. Türk lider həmçinin Putinlə Kobani və Menbiç məsələsini də müzakirə edəcək.
120 saatın tamamlanmasından sonra nə baş verəcək?
Türkiyə Prezidentinin “terrorçuların başlarını əzməyə davam edəcəyik” sözləri əməliyyatla bağlı vədlərin yerinə yetirilməyəcəyi halda “Sülh çeşməsi”nin davam edəcəyini göstərir. Belə ki, bu fikri Türkiyənin təhlükəsizlik orqanlarına yaxın mənbələr də təsdiqləyir:
“YPG-yə verilən vaxtda geri çəkilmə prosesi başa çatmasa, əməliyyat qaldığı yerdən davam edəcək. Saat 22:00-da iş başa çatmalıdır. Bu vaxt tamamlananda hələ də bölgədə terrorçular varsa, hamısı zərərsizləşdiriləcək. Əməliyyat hazırda davam edir. 120 saatlıq razılaşmaya əlavə vaxt verilməyəcək. Ağır silahların toplanması ilə bağlı ABŞ-la koordinasiyalı iş aparırıq. Hələlik hər şeyin başa çatdığını demək mümkün deyil”.