Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək. Belə ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.
Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.
Bizimaz.az Modern.az-a istinadən Azərbaycanın müstəqillik əldə etdikdən – 1991-ci ildən indiyə qədər Baş nazir olmuş şəxslərin siyahısını təqdim edir.
Müstəqil Azərbaycanın ilk Baş naziri Həsən Həsənov olub. 1991-ci il fevralın 7-də bu vəzifəyə təyin edilən baş nazirin səlahiyyət müddəti cəmi 421 gün çəkib. O, 4 aprel 1992-ci ildə vəzifəsindən azad edilib. H.Həsənov Azərbaycanda bazar iqtisadiyyatının və sahibkarlığın ilk tədbiri olan Bakıda 1991-ci ildə keçirilmiş iri Beynəlxalq Biznes Konqresinin təşkilatçısı kimi tarixdə qalıb.
Daha sonra müvəqqəti Baş nazir təyin olunan Firuz Mustafayevin qısa səlahiyyət dövrü olub. O, Baş nazir postunda cəmi 40 gün qalıb.
Yenicə müstəqillik əldə etmiş dövlətin siyasi həyatında kifayət qədər qarışıqlıq hökm sürdüyündən vəzifə dəyişiklikləri artıq normal hala çevrilmişdi. Ona görə, Azərbaycanın üçüncü Baş naziri Rəhim Hüseynov da bu vəzifədə çox qala bilmədi. 1992-ci il mayın 14-də təyin olunan Rəhim Hüseynovun səlahiyyət müddəti 261 gün çəkdi və o, 30 yanvar 1993-cü ildə bu postdan uzaqlaşdırıldı.
Həmin dönəmdə yenidən müvəqqəti Baş nazir təyin olundu. Bu posta nəzarət hazırda deputat olan Əli Məsimova tapşırıldı. Cəmi 82 günlük Baş nazir olsa da, Ə. Məsimov "Azərbaycanın iqtisadi tərəqqi proqramı"nın və "Nazirlər Kabinetinin fəaliyyətinin əsas istiqamətləri"nin müəllifi kimi yadda qalıb. O həmçinin, "Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası", "Aqrar islahatlar proqramı" və s. bu kimi konsepsiya, proqram və digər sənədlərin, eləcə də 30-dan artıq qanun layihəsinin hazırlanmasında bilavasitə iştirak edib. Ə. Məsimli 1993-cü il aprelin 28-də vəzifəsindən azad olunub.
Əli Məsimlinin müvəqqəti Baş nazirliyindən sonra bu posta Pənah Hüseyn gətirilib. O, həmin il iyunun 30-na qədər bu vəzifədə qalıb.
Daha sonra növbə hökümətə qarşı qiyam qaldırmaqla xatırlanan Sürət Hüseynova çatıb. “Qiyamçı polkovnik” 30 iyun 1993-cü ildən 7 oktyabr 1994-cü ilə kimi Baş nazir vəzifəsini icra edib.
Sürət Hüseynovdan sonra növbəti Baş nazir Fuad Quliyev olub. O, digərlərinə nisbətən daha uzun müddət bu postda qalsa da, haqqında çox az məlumat var. Fuad Quliyev BMT-nin layihəsi əsasında Sumqayıtın azad iqtisadi zona elan edilməsinə nail olub. Onun dövründə “Qarabağ” neft yatağının kəşfiyyatı, neftin işlənməsi və istehsalı üçün xarici neft şirkətləri ilə müqavilə imzalanıb.
1996-cı il iyulun 20-də Baş nazir postuna təyinat alan Artur Rasizadə 2003-c il iyulun 20-nə qədər bu vəzifədə qalıb.
Daha sonra isə onu Azərbaycanın hazırkı prezidenti İlham Əliyev əvəz edib. İlham Əliyev prezident seçildiyinə görə, baş nazirlik postundan ayrılıb.
2003-c il noyabrın 4-də Artur Rasizadə yenidən Baş nazir vəzifəsinə gətirilib. O, 2018-ci il aprelin 21-nə qədər bu vəzifədə qalmaqla, ən uzun müddətli baş nazir kimi Azərbaycan tarixinə adını yazdırıb.
Hazırda Azərbaycanın baş naziri Novruz Məmmədovdur. O 2018-ci il aprelin 21-I bu vəzifəyə təyin olunub. Bu gün isə vəzifəsindən istefa verəcəyi gözlənilir. Beləliklə, istefa qərarı təsdiqlənərsə, Novruz Məmmədovun səlahiyyət müddəti 534 gün olmaqla başa çatacaq.