Rəsmi Kiyevin bir neçə gün öncə verdiyi bəyanatda bildirilib ki, Ukrayna vətəndaşları Dağlıq Qarabağ, Abxaziya və Tsxinvali bölgəsi / Cənubi Osetiya, eləcə də, onlara yanaşı, ətraf ərazilərə baş çəkmək qərarına gəldikdə Azərbaycan Respublikası və Gürcüstan qanunvericiliyini əldə rəhbər tutmalıdırlar, bu qanunvericiliyin pozulması inzibati və cinayət məsuliyyəti daşıyır.
Bu bəyanat Ermənistan xarici siyasət idarəsinin kəskin reaksiyasına səbəb olub. Bu reaksiya ilə bağlı Media.Az Ukrayna Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Media.Az-ın bundan əvvəl verdiyi məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Anna Daqdalyan bəyan edib ki, “Kiyevin Qarabağ məsələsi ilə bağlı dediyi sözlər münaqişənin sülh yolu ilə həllinə kömək etmir”. “İşğal edilmiş ərazilər” termini nəzərdə tutulur.
Məlumdur ki, öz vətəndaşlarını xəbərdar etmə praktikası dünyanın bütün ölkələrində qəbul edilib. Ukrayna XİN Yerevanın bu bəyanatına necə reaksiya verəcək, rəsmi Kiyevin mövqeyi dəyişəcəkmi?
Ukrayna XİN bu suala belə cavab verib:
“Sualınıza görə təşəkkür edirik. Bu çərçivədə, sizi əmin etmək istərdik ki, xaricdə Ukrayna vətəndaşlarının hüquq və mənafelərinin qorunması Ukrayna Xarici İşlər Nazirliyinin işinin prioritet istiqamətlərindən biridir.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin saytında “Səyahət tövsiyələri” bölməsi qüvvədədir və daim yenilənir, bu, Ukrayna vətəndaşlarının xaricdə çətin vəziyyətə düşməsinin qarşısını almaq məqsədi daşıyır.
Ukrayna Xarici İşlər Nazirliyi daim vurğulayır ki, Ukrayna vətəndaşlarının səfərləri Ukraynanın və gediləcək ölkənin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq qanuni olaraq həyata keçirilməlidir.
Qeyd etmək istərdik ki, Ukrayna XİN-in mətbuat katibi Yekaterina Zelenkonun şərhi Ukrayna vətəndaşlarının bu ölkələrin qanunlarını pozaraq, Azərbaycan və Gürcüstanın işğal olunmuş ərazilərinə getmələrinin yolverilməzliyi ilə bağlıdır.
Növbəti dəfə bəyan edirik ki, Ukrayna Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində daim dəstəkləyir”.