ABŞ-da səfərdə olan Diasporla İş üzrə Diaspor Komitəsinin nümayəndə heyəti Boston və Portlənd şəhərlərində yaşayan soydaşlarımızla görüşlər keçirib.
Bizimaz.az: “Qafqazinfo” xəbər verir ki, tədbirlərdə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və digər məsul şəxslər, Boston və Portləndəki diaspor təşkilatlarının, türk icmasının nümayəndələri, ABŞ-ın məşhur Universitetlərində, o cümlədən Harvard Universitetində təhsil alan gənclərimiz, dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar iştirak ediblər.
Görüşün təşkil edilməsinə görə Diaspor Komitəsinə minnətdarlıqlarını bildirən soydaşlarımız Bostonda bu qədər azərbaycanlının bir araya gəlməsinin ilk dəfə baş verdiyini vurğulayıblar. Onlar bu addımı həmyerlilərimizin şəbəkələşməsi və təşkilatlanması üçün atılan ən mühüm addım kimi dəyərləndiriblər. Portlənddə isə soydaşlarımızın təşkilatlanması, onların müxtəlif platformalar üzərindən birləşməsi üçün atıla biləcək addımlardan, dünyada Vətənimizin daha da yüksək səviyyədə tanıdılma imkanlarından danışılıb.
Daha sonra nümayəndə heyətinin üzvləri Men ştatının Portlənd şəhər meriyasında, Cənubi Men Universitetində, senator Syuzan Kollinzin ofisində, “Study Maine” təhsil mərkəzində görüşlər keçirib.
Şəhər meneceri Con Cenninqs və İqtisadi Potensial Bürosunun direktoru Culia Truksio Luenqo, Cənubi Men Universitetinin prezidenti Glen Kamminqs, prezidentin müxtəliflik və qəbul üzrə xüsusi məsləhətçisi professor Reza Celali, dövlət idarəsinin nümayəndəsi Keyt Simpson, eləcə də “Study Maine” şirkətinin direktoru və baş ticarət mütəxəssisi Zeynəb Türklə görüşlər zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli strateji tərəfdaşlıq, ölkəmizin sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələr üzrə həyata keçirilən dövlət proqramları, Dağlıq Qarabağa dair Azərbaycan həqiqətləri, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlıların Portləndin yerli cəmiyyətinə uğurlu inteqrasiyası məsələləri, şəhərin ictimai-siyasi və sosial həyatında onların fəal iştirakı, təhsil sahəsində mübadilə proqramları və s. məsələlər müzakirə olunub.
Cənubi Men Universitetinin kitabxanasına Azərbaycandan gətirilən kitablar hədiyyə edilib.