Bu gün deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda ilk konfransını keçirir.
Əvvəlcə mərkəzin rəhbəri Z.Oruc qonaqları salamlayıb. Daha sonra konfransda çıxış edən Prezident Administrasiyasını Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, sosial tədqiqatlar mərkəzinin yaradılması Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsidir:
"Sosial tədqiqatlar ictimai-siyasi prosesləri müsbət şəkildə öyrənməyə, dəyərləndirməyə və həll yollarını tapmağa çalışır. Sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsini deyil, həm də cəmiyyəti narahat edən məsələləri öyrənməyə və həlli ilə bağlı təkliflər verməyə çalışmalıdır. Həmçinin, bu mərkəz yalnız passiv mövqedən çıxış etməklə cəmiyyətin rəyini öyrənməklə kifayətlənməməlidir. Dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işi də aparmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər vətəndaş da dövlətinin yanında olmalıdır".
Daha sonra mərkəzin rəhbəri Zahid Oruc çıxış edərək deyib ki, dövlət rəhbərləri qərar verərkən müxtəlif mənbələrdən məlumat alırlar:
"Sosial tədqiqatlar mərkəzinin yaradılması cəmiyyətlə ictimai rəy fenomeninin bir yerdə önəmli olduğunu göstərir. Bu sadəcə statik bir hadisə deyil. Mərkəzimizin bu müddət ərzində qarşılaşdığı problem qurumların data-mərkəzinin olmamasıdır. Hesab edirəm ki, bu, sadəcə Statistika Komitəsi vasitəsilə olmalı deyil. Hər qurum belə data-mərkəz yaratmalıdır".
Z.Oruc həmçinin rəhbərlik etdiyi mərkəzin akademik Çapay Sultanov adına mükafat təsis etdiyini də vurğulayıb:
“Ölkə başçısı onun fəaliyyətini yüksək qiymətləndirib. Çapay Sultanov böyük bir iz qoyub. Dünyaca məşhur olan bu şəxsin oxucularının sayı 20 milyonu keçir".