Venesuela müharibəyə hazırlaşır.
Bizimaz.az: Publika.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro hərbi təlimlər adı altında Kolumbiya ilə 2200 km-lik sərhəd bölgəyə 150 min əsgər yerləşdirib.
Bolivarçı Milli Silahlı Qüvvələr (FANB) Taçira əyalətində tankları səfərbər edib. Raketlər və yüzlərlə döyüş sursatlı zirehli avtomobil hərəkət vəziyyətində gözləyir.
28 sentyabra qədər davam edəcək təlimlər üçün La Fra hava limanında minlərlə əsgər yerləşdirilib.
Əməliyyat Strategiyası Komitəsinin admiralı Remiqio Seballos məsələyə dair açıqlamasında “Bolivarçı Milli Silahlı Qüvvələr sülh gücüdür. Dünyadakı silahlı qüvvələrə sayğı ilə yanaşırıq. Amma heç kimdən qorxmuruq” sözlərini deyib.
Bütün bunlara baxmayaraq, Kolumbiya hökuməti Venesuelaya qarşı müharibə planlaşdırmadıqlarını elan edib. 150 min əsgərin sərhədə yerləşdirilməsindən sonra “sakit olmaq” çağrışı göndərilib.
Qeyd edək ki, Venesuela 365 min əsgərlik canlı qüvvəyə sahibdir. Bundan başqa, 1,6 milyon mülki milisi var.
Yerli mütəxəssislər hesab edir ki, Kolumbiya ABŞ-ın və xalqın dəstəyi olmadan Venesuelanın öhdəsindən gələ bilməz.