Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri" mövzusunda dəyirmi masa keçirilir
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, "Park İnn" otelində təşkil edilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, STM sədri Zahid Oruc, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, hüquq müdafiəçisi Novella Cəfəroğlu, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və digər şəxslər, eləcə də media nümayəndələri iştirak edir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov çıxışında bildirib ki, ölkə daxilindəki siyasi proseslərə qarşı müdaxilələrin qarşısının alınması üçün ayrı-ayrı siyasi qüvvələrin, ictimai təşkilatların birgə mübarizə aparmaq qərarına gəlməsi ideyasını dəstəkləmək lazımdır. Ümumiyyətlə, ayrı-ayrı ölkələrin təcrübəsində bu və ya digər ölkələrə mütləq şəkildə təsir göstərmək, onların daxili işlərinə qarışmaq praktikası həmişə tətbiq olunub.
“1993-cü ilin fevral ayında Yeni Azərbaycan Partiyasının fəalları ilə görüşərkən tədbir iştirakçılarının bəziləri Prezident Əbülfəz Elçibəy, onun şəxsiyyəti ilə əlaqədar bir sıra fikirlər səsləndirdi. Heydər Əliyev bu çıxışları kəsərək “Əbülfəz Elçibəy Azərbaycanın prezidentidir, onun şəxsiyyəti ilə bağlı hər hansı uyğunsuz fikirlərin səsləndirilməsi yolverilməzdir. Biz onun apardığı siyasəti tənqid edirik, lakin o, Azərbaycanın, hər birimizin prezidentidir və ona qarşı bu cür ifadələrin səsləndirilməsi yolverilməzdir”, - Əhmədov bildirib.
Ə.Əhmədov qeyd edib ki, bu, YAP-ın siyasi-etik münasibətini müəyyənləşdirir və rəqiblərinə qarşı da belə mövqe sərgiləyir.
Ölkədəki siyasi proseslərə xarici müdaxilədən danışan Ə.Əhmədov bir hadisəni yada salıb:
"İllər əvvəl Azərbaycanda fəaliyyət göstərən Demokratiya İnstitutunun bir şöbəsi layihə həyata keçirməyə başlamışdı. Guya ki, ölkədəki siyasi qüvvələrin, partiyaların gəncləri üçün demokratiya təlimləri keçirdi. O zaman bu təlimə YAP-dan başladılar.
Bu şöbə həmçinin, müxalifət üçün də təlimlər keçməyi nəzərdə tutmuşdu. Mən YAP-ın gənclərinə dedim ki, siz gedin, müxalifət üçün keçirilən təlimlərdə də iştirak edin. Amma təkid edin, çünki sizi oraya buraxmayacaqlar. Həqiqətən də buraxmadılar. YAP-ın gəncləri dedi ki, niyə buraxmırsınız, axı siz demokratiya dərsi keçməyə çalışırsınız!
Həmin gün müxalifətin təlim keçmək istəyi baş tutmadı. Səhəri gün qurumun əcnəbi rəhbəri gəlib dedi ki, niyə bizim müxalifətin təliminə icazə vermədiniz? Dedim, başa düşmədim, müxalifət məgər sizindir? Azərbaycanın müxalifətidir. Onlar çaşdılar. Mən onlara dedim ki, YAP-ın gəncləri demokratiyanı daha dərindən mənimsəmək istədilər, amma müxalifətin təliminə bizim gəncləri buraxmadılar.
Bundan sonra qərara gəldim ki, hansısa xarici qurum, təlimçilər ölkədə təlim keçmək istəyirlərsə, siyasi mənsubiyyətə diqqət edib, ayrı-seçkilik etməsinlər”.