İsrailin Ermənistana yenicə təyinat almış fövqəladə və səlahiyyətli səfiri Eliav Beloserkovski İsrail dövlətinin müstəqilliyinin 71-ci il dönümü ilə bağlı İrəvanda keçirilən tədbirdə çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib. Onun sözlərinə görə, bu məsələ həm də İsrail Knessetində artıq müzakirəyə çıxarılıb.
“Soyqırım” sözünün yaxın zamanlarda istifadə ehtimalını şərh edərkən Beloçerkovski deyib ki, əsas məsələ bu və ya başqa sözün axtarışı deyil. Beloserkovskinin sözlərinə görə, oxşar faciələrin yenidən baş verməməsi üçün vacib olan tarixi tədqiq etmək, bu hadisələri müzakirə etməkdir. Lakin səfir “soyqırım” abidəsini ziyarət edib.
Səfirin qondarma soyqırımın adını çəkməməsi Ankara və Bakıya jestdirmi?
Politoloq Mübariz Əhmədoğlu Musavat.coma-a bildirib ki, Ermənistanla İsrail arasında qondarma soyqırımın tanınması ilə bağlı çox ciddi proseslər gedir:
“Ermənilər bütün dünyada nə qədər tərəfdarları varsa, bu işə cəlb ediblər. Hətta həmişə İsraillə Türkiyənin münasibətlərində gərginlik olduğu zaman dünya erməniləri bu istiqamətdə həddindən artıq aktivləşirlər. Fürsətdən istifadə edib, gərginlik dönəmində ”soyqırımı" tanıtmağa cəhd edirlər. Ancaq İsrailin “erməni soyqırımı” sözünü işlətməməsi səbəbinin ən əsas faktoru iki məsələdir. Bunlardan biri tarix və mentalitetlə bağlıdır. Yəni yəhudilər deyirlər ki, dünyada soyqırıma məruz qalan yalnız onların xalqıdır. Deyirlər ki, digər xalqlar, sadəcə olaraq, qırıla bilər, soyqırıma məruz qala bilməzlər. Onlar "soyqırım" sözünü çox böyük hesab edirlər. Həm də belə yanaşırlar ki, yəhudilər olduqca ağıllıdır və yalnız onlara qarşı planlı şəkildə soyqırım həyata keçirilib. İkinci məsələ isə Azərbaycanla bağlıdır. Məlum olduğu kimi, İsraillə Azərbaycanın münasibətləri çox yüksək səviyyədədir. Ona görə də İsraillə Türkiyə arasında gərginlik olduğu zaman belə, onlar Azərbaycana görə qondarma soyqırımı tanımırlar. İsrail Azərbaycanla olan münasibətlərə güvənir və hesab edir ki, bu münasibətlər onlar üçün çox əhəmiyyətlidir. Keçmiş SSRİ-dən gedən yəhudilər içərisində, Azərbaycan əsilli yəhudilər, obrazlı desək, onların dərin dövləti hesab edilir. Bəziləri açıq şəkildə bunu deyirlər. Bu faktdır. Ermənilər isə son zamanlar vəziyyəti dəyişdilər ki, onların İsraillə münasibətləri qondarma soyqırımı tanımadan da qurula bilər. Hazırda İsrail bu sxem üzrə hərəkət edir. Yəni Ermənistanın təklifini qəbul ediblər".
Politoloq bildirib ki, bu fonda Ermənistan həm də İranla birgə əməkdaşlıq məsələsini ortaya atıb:
“Ermənistan İsraili İrana qarşı çıxa biləcəyi ilə şirnikləndirir. Səfirin abidəyə baş çəkməsi məsələsinə gəlincə isə bu, Ermənistanın daxilində olan bir məsələdir. Bu abidəni İrəvandan qırağa çıxarsaq, ona ”soyqırım abidəsi" deyən olacaqmı? Xeyr. Sadəcə olaraq, bu, protokol tədbiridir. Gürcülər də qondarma soyqırımı tanımırlar. Ancaq Ermənistana getdikləri zaman protokol tərkibi kimi abidəyə baş çəkirlər. Eyni zamanda səfirin cəsarəti təkcə “soyqırım”la bağlı deyil. Ermənilər bu məsələni qaldırmazdan öncə İsrailin Azərbaycana silah satması məsələsini önə çəkdilər. Səfir isə dedi ki, İsrailin öz milli maraqları var və bu, tələb edir ki, Azərbaycanla əlaqədə olsun. Yəni çox cəsarətli və birbaşa bəyanat verdi. Abidənin ziyarəti məsələsi isə dediyim kimi, adi bir protokol qaydasıdır. Zaman olub ki, o abidəyə Türkiyədən gələn nümayəndə heyəti də protokol daxilində baş çəkib. Bu, sadəcə olaraq, baş çəkməkdir, “soyqırım abidəsi” deyib, ziyarət etmək deyil".