Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində Qlobal İqlim Sammitinə hazırlıqla bağlı iclas keçirilib.
Bizimaz.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sammitdən əvvəl iclasın keçirilməsində məqsəd Qlobal İqlim Sammitinin bütün fəaliyyət sahələri üzrə tərəqqinin əldə edilməsi, Sammitdə elan olunması nəzərdə tutulan təşəbbüslərin təkmilləşdirilməsi, nailiyyətlərin və öhdəliklərin qiymətləndirilməsi olub.
Toplantıda Azərbaycan Respublikasını Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təmsil edib.
İclasda 2020-ci ilədək töhfələrin yüksəldilməsi, Milli Səviyyədə Müəyyən Olunan Töhfələrin (NDC) təkmilləşdirilməsi, 2050-ci ilədək karbon emissiyalarının sıfır səviyyəsinə endirilməsi məsələləri müzakirə olunub, enerji səmərəliliyinə keçid üzrə paralel iclaslar və görüşlər keçirilib.
Tədbir çərçivəsində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri ilə Serbiyanın Ətraf mühitin mühafizəsi naziri və Ümumdünya Meteorologiya Təşkilatının baş katibi arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə ikitərəfli görüşlər də təşkil olunub.
Qeyd edək ki, Qlobal İqlim Sammiti 23 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibinin təşəbbüsü ilə Nyu York şəhərində keçiriləcək.