Ermənistanda Paşinyan hakimiyyəti ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejim arasında qarşıdurma davam edir.
Dünən separatçı rejimin “rəhbəri” Bako Saakyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı vəzifəsindən kənarlaşdırdı. Buna səbəb Paşinyanın hakimiyyətinin separatçılara maliyyə yardımını davam etdirmək üçün Balasanyanın qovulmasını şərt kimi irəli sürməsidir.
Balasanyan “Qarabağ klanı”nın əsas firuqlarındandır və o, Paşinyana qarşı açıq mətnlə çıxışlar edib. Nikol Paşinyan isə bildirib ki, Balasanyan da daxil olmaqla Qarabağdakı separatçı rejimin hərbi rəhbərliyi Azərbaycanla müharibəni körükləmək istəyirlər.
Saakyan maliyyəni almaq üçün Paşinyanın şərtini yerinə yetirdi, lakin eyni gündə əks-həmlə də etdi. Belə ki, separatçı lider “fövqəladə hallar naziri” Levon Mnasakanyanı “polis rəisi” təyin etdi. Mnasakanyan separatçı rejimdə “müdafiə naziri” idi. Onun bu postdan uzaqlaşdırılmasını da Paşinyan istəmişdi. Çünki Mnasakanyan Paşinyan hakimiyyətinə qarşı “əraziləri Azərbaycana qaytarmaq” ittihamı irəli sürmüşdü. (publika.az)