ABŞ hökumətinin İsraillə Fələstini barışdırmaq məqsədilə hazırladığı “Əsrin razılaşması” sülh planı daha çox Təl-Əvivin maraqlarını təmin edir.
Bizimaz.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
“Böyük Amerika Yəhudi Təşkilatları Rəhbərlərinin Konfransı”nın qapalı iclasında iştirak edən departament rəhbəri bildirib ki, plan təktərəflidir. Buna görə də lazımi diqqəti cəlb edə bilməyəcək. Prezident Donald Trampın bu ay açıqlaması gözlənilən sülh planı rədd edilə bilər: “Nəticədə bununla qarşılaşa bilərik. Plan orijinal deyildi. Bizim işimizə yaramadı. İçində iki yaxşı şey varsa, doqquz pis şey var. “Biz yoxuq” deyənlər olacaq. Lakin bizim üçün əsl məsələ planı necə tətbiq edə biləcəyimizə dair görüşlərin keçiriləcəyi məkanların olub-olmamasıdır”.
Pompeo Tramp hökumətinin planı ilə İsrail-Fələstin arasında donmuş qarşıdurmaların yenidən başlayacağının siqnalını verib. Əlavə olaraq, ABŞ Dövlət Departamentinin İsrailin Qərbi-Şəriəni ilhaq edəcəyi təqdirdə hansı addımları atmasına dair planlar qurduğu da iddia edilib.
ABŞ prezidenti Donald Tramp İngiltərə səfəri əsnasında Pompeonun “Vaşinqton Post”a sızdırılan açıqlamalarını dəyərləndirib. Prezident bildirib ki, Yaxın Şərqdə sülh planının uğurlu olması üçün əllərindən gələni edirlər: “Pompeo haqlı ola bilər. Çox insan da bunu söyləyə bilər. Yaxşı şansımız var. Baxaq görək, nə olacaq”.