Vaşinqtonun Ankaraya ultimatum verməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir.
Bizimaz.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə XİN rəhbərinin müavini Yavuz Selim Kıran Vaşinqton səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.
Diplomat bundan əvvəl KİV-də ABŞ-ın "Patriot" sistemlərinin tədarükü müqabilində Ankaradan S-400 zenit raket sistemlərindən imtinanı tələb etməsi ilə bağlı yayılan informasiyanın "rəsmi səviyyədə səslənmədiyini" dilə gətirib.
Kıranın sözlərinə görə, belə şayiələr mart ayında da yayılmışdı. Belə ki, Vaşinqton zenit-raket komplekslərinin tədarükü ilə bağlı əvvəlki təklifini yeniləmişdi.
"Rəsmi səviyyədə belə bir çağırış olmayıb. Mart ayında ABŞ "Patriot" zenit-raket komplekslərinin tədarükü üzrə təkliflərini yeniləyib. Biz hesab edirik ki, söhbət bu təklifdən gedir", - deyə Y.Kıran vurğulayıb.
Türkiyəli XİN rəsmisi Ankaranın ABŞ-ın CAATSA qanunu çərçivəsində Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxır, belə ki, S-400 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqavilə Moskva ilə hələ bu qanun qəbul olunmazdan əvvəl imzalanıb.