Aprelin 17-də Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Bizimaz.az: Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə MM-in komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Adil Əliyev, Rasim Musabəyov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın Şura iclasında təşkilati məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, antiterror fəaliyyətinin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.
MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə “İpoteka, vəkil və vəkillik fəaliyyəti” haqqında, “Məhkəmə-ekspert fəaliyyəti”, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və s. məsələlər daxil edilib.
Burada beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransın keçirilməsi də nəzərdə tutulub.
O.Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Səfər aprelin 19-da başa çatacaq.