Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında keçirilən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev layihənin tamamlanması ilə bağlı danışarkən bildirmişdir ki, milli səviyyədə koordinasiya bizə XXI əsrin ən böyük layihələrindən biri olan “Cənub qaz dəhlizi”ni icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, bu uğurun qazanılmasında enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmuşdur. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. “Cənub qaz dəhlizi” layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı.
“Cənub qaz dəhlizi”nin həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Bəlkə də bəzilərinə illər öncə bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Lakin İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunması bu layihənin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin etdi.
Tarixə nəzər salaq: 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat imzalandı. 2012-ci il iyunun 27-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzaladılar. 2014-cü il sentyabrın 20-də “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. 29 may 2018-ci il tarixdə Bakıda “Cənub qaz dəhlizi”nin, 12 iyun tarixdə isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP vasitəsilə Türkiyəyə göndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi. 31 dekabr 2020-ci ildə isə Azərbaycanın təbii qazının Avropa bazarına tədarükünə başlanıldı.
“Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji dəhlizi onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bunu təsdiq etdi.
Bir ildən də çoxdur ki, Azərbaycanın Xəzərdən hasil etdiyi təbii qaz Avropa bazarlarına çıxarılır. Bu səbəbdən “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı artıq fərqli məzmunda keçirilir. Belə ki, hər il Bakıda toplaşarkən məşvərət şurasının iştirakçıları əsasən görülən işləri nəzərdən keçirir və “Cənub qaz dəhlizi” layihəsinin tamamlanması istiqamətində gələcək vəzifələri müzakirə edirdilər. Lakin məşvərət şurası çərçivəsində nazirlərin VIII toplantısında “Cənub qaz dəhlizi”nin yeni bazarlara, o cümlədən Balkan ölkələrinə, cənub-şərq ölkələrinə yönəlməsi, o cümlədən bərpaolunan enerjiyə keçidlə bağlı məsələlər müzakirə olundu.
2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu, onu göstərir ki, “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir.
İltifat Məmmədov,
Salyan rayon Qaraçala qəsəbə tam orta məktəbin direktoru