1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi) Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Qeyd edək ki, Əbdürrəhman Vəzirov Moskvada yaşayırdı.
Əbdürrəhman Vəzirov 26 may 1930-cu ildə doğulub. O, vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.
Moskvada yaşayan Ə.Vəzirovun 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılmışdı. O vaxt Vəzirov həmin müraciətində Bakıya dönmək istədiyini yazmışdı.
Moskvada Ə.Vəzirovun memuarlarından ibarət “Mənim diplomatik xidmətim” adlı kitabı da işıq üzü görüb. Bu kitabda o, Hindistanda konsul, Nepal və Pakistandakı səfir fəaliyyəti dövründən bəhs edib, həmin müddətdə başına gələn real hadisələri, maraqlı olayları qələmə alıb, dövlət və hökumət nümayəndələrilə ünsiyyətini təsvir edib.