Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizi 60 yaşınızın tamam olması münasibətilə öz adımdan və millətim adından səmimi qəlbdən təbrik edir, Sizə dəyərli ailə üzvlərinizlə birlikdə cansağlığı, xoşbəxt və uzun ömür arzulayıram.
Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, qlobal miqyasda qazandığı nüfuzu və nail olduğu rifahı görməkdən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvəlcə işğaldan azad edilməsində, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz əzm və qətiyyət Türkiyə tərəfindən böyük təqdirlə qarşılanır.
Sarsılmaz qardaşlıq bağları əsasında yaratdığımız, yüksək səviyyəli səfərlərlə inkişaf etdirdiyimiz əməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və gələcəyini müəyyənləşdirən bir çox ortaq layihələr reallaşdırmışıq və reallaşdırmaqda davam edəcəyik.
Ümummilli lider Heydər Əliyevdən bizlərə miras olan “bir millət, iki dövlət” prinsipinə söykənən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırdığımız əzmkarlığımızı hər bir sahədə daha da inkişaf etdirmək iradəmiz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı dəstək və həmrəyliyimiz regionumuzda sülh, sabitlik və rifahın da təminatıdır.
Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizin doğum gününü bir daha təbrik edir, qardaş Azərbaycan xalqının xoş günləri və səadəti üçün ən səmimi diləklərimi çatdırıram”.