Ötən həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinləri arasında Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin bərpası məsələsinin müzakirə olunduğu görüş keçirilib. Bundan sonra “RİA Novosti” agentliyi Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında görüşün gözlənildiyi və görüşün yekunlarına əsasən yeni saziş imzalana biləcəyi barədə məlumat yaydı. Daha sonra təfərrüatlar ortaya çıxdı - Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və kommunikasiyaların açılmasına dair sənədlərin imzalanması gözlənilir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov planlaşdırılan görüşlə bağlı informasiyanı təsdiqləməsə də, təkzib də etməyib. O, bildirib ki, Rusiya-Azərbaycan-Ermənistan sammitinin keçirilməsi ilə bağlı razılaşma olarsa, Moskva bununla bağlı informasiya verəcək.
İrəvanda da oxşar fikirlər səsləndirilib. Bununla belə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın dediyinə görə, yeni danışıqlar tamamilə mümkündür:
“Fərqli formatlarda fərqli görüşlər üçün təkliflər var və bunlar müzakirə olunur”.
Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın özü bu yaxınlarda bəyan etdi ki, Ermənistan yaxın vaxtlarda Azərbaycanla regional kommunikasiyaların açılması üzrə konkret nəticələr əldə olunmasına ümid edir.
Bununla yanaşı, Ermənistan müxalifəti noyabrda Nikol Paşinyanın “Ermənistanın qəti təslim olması haqqında” sənədlər imzalayacağına şübhə etmir və buna görə də erməniləri oktyabrın 30-da keçiriləcək mitinqə çağırır.
“Buz həqiqətən sınıbmı?” və kommunikasiyaların açılması və sərhədlərin demarkasiyası üzrə proses başlayırmı? Oxu.Az-ın müvafiq sualına cavab verən rusiyalı iqtisadçı, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov bildirib ki, Nikol Paşinyan şəraitin girovuna çevrilib.
- Ermənistanın baş naziri heç də xoşuna gəlməyən yolla getməyə məcburdur. Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından gedir. O, anlayır ki, qlobal inflyasiyada, dünya bazarlarındakı qeyri-müəyyənlik və Ermənistanın Rusiya bazarından asılılığı şəraitində İrəvan nəqliyyat kommunikasiyalarını açmaq və iqtisadi əlaqələri bərpa etmək məcburiyyətində qalacaq. Bu çətin və ağrılı prosesdir, lakin bundan qaçmaq mümkün deyil.
Nikol Paşinyan çətinliklə hakimiyyətdə qaldı. Aydındır ki, Ermənistanda bu ilin iyununda keçirilən seçkilərdə insanlar reputasiyası ilə bağlı böyük problemləri olan əvvəlki hakimiyyətlərin əleyhinə olduğu qədər Paşinyanın “lehinə” səs verməyiblər. Ermənistan gərginliyin azalmasını gözləyir, ötənilki müharibə çox da uzun olmasa, nəticələri ciddi oldu. Əməkdaşlıq olmadan və ötən ilin noyabrında imzalanmış müqavilələr yerinə yetirilmədən böhrandan çıxmaq mümkün olmayacaq. Ona görə də hesab edirəm ki, kommunikasiyaların blokdan çıxarılması qaçılmazdır. Prosesin çox asan olmayacağı aydın məsələdir, ancaq başqa variant yoxdur, iqtisadi komponenti aktivləşdirmək lazımdır.
Aydındır ki, Azərbaycan kommunikasiyaların açılmasında maraqlıdır. Rusiya da regionda gərginliyi aradan qaldırmaq, Avrasiya məkanında ticarəti inkişaf etdirmək istəyir. Buna görə də Moskva ölkələr arasındakı münasibətlərdə hakim rolunu saxlayır. Burada əsas sual həmişə Ermənistanla bağlı olub. Erməni siyasi ruhu ölkə üçün rolun və təsirin artırılmasını tələb edirdi, digər dövlətlərlə qarşılıqlı əməkdaşlıq ikinci planda idi.
- Ruben Melkonyan adlı bir erməni türkoloq var. O, bu yaxınlarda bəyan etdi ki, indi Ermənistan hətta müşahidəçi də deyil, regionda gedən proseslərdə iştirak etmir. Etirazlara davam edən və hətta İrəvanda barrikadalar qurmağa hazır olduqlarını bəyan edən radikal erməni müxalifətinin nümayəndələri də bununla razılaşırlar. Aksiyalar zamanı radikallar arasında türklərə qarşı mübarizəyə çağıran “Zartnir, lao” (“Oyan, oğlum”) mahnısı səslənir, türklər deyəndə azərbaycanlılar da nəzərdə tutulur. Ermənistandakı revanşistlər baş qaldırırlar, bəs onlar vəziyyətə təsir edə bilərlərmi?
- Onlara (revanşistlərə - red.) sual sadədir: siz əvvəl harda olmusunuz? Davadan sonra yumruqları yelləmirlər, bu ki aydındır. Hərbi konflikt göstərdi ki, Ermənistan müstəqil siyasət yürüdə bilməz, o “Rusiya ilə yeni münasibətlər” qura biləcək vəziyyətdə deyil (bu, Paşinyanın ifadəsidir). Ermənistan özünü Qərbə yönəltməyə çalışırdı. Cəhd etdilər, bəs nə alındı? Türkiyə NATO ölkəsidir və Azərbaycanı (siyasi baxımdan - red.) dəstəklədi.
Ermənistan revanş üçün resursu haradan tapacaq? Revanşist duyğular daha çox milli miflə, hansısa böyük, nəhəng bir şey arzusu ilə əlaqəlidir. Əslində erməni milləti böyük deyil. Ermənilər Ermənistanı tərk edir, Rusiyaya köçür və orada öz vətənlərindən daha yaxşı yaşayırlar. Revanşizmdən danışmaq - Nikol Paşinyana edilən təzyiqdir. Bəli, etirazlar, yolların bağlanması, mitinqlər ola bilər. Amma bundan artıq heç nə.
Hazırda azərbaycanlılar və ermənilərin uzun müddətdir etmədikləri kimi bir-biriləri ilə söhbət etmələri, iqtisadi əməkdaşlıqlığı inkişaf etdirmələri zəruridir. Bu, ziddiyyətləri həll etməyə kömək edəcəkdir. Bir-birini iblisləşdirməyə dəyməz. İqtisadi əməkdaşlığın inkişafı, kanalların, ilk növbədə kommunikasiya kanallarının açılması çox vacibdir. Bu, Ermənistan iqtisadiyyatına və erməni xalqına ancaq xeyir verəcək... İrəvan “Böyük Ermənistan” haqqında fantaziyaları, yeni sərhədləri unutmalıdır. Ötən əsrin 90-cı illərindəki xaos sona çatdı və hətta həmin vaxt belə “Böyük Ermənistan” yox, o zaman Azərbaycan ərazisinin bir hissəsini işğal edən bir ölkə ortaya çıxdı. İndi isə Ermənistan öz imkanları daxilində yaşamalı, ayıq başla siyasət aparmalıdır.