Atəşkəsdən sonra prezidentimizin 3+3 formulu barədə açıqlamaları vardı. Yəni, regionda sülh və tərəqqi üçün gələcək naminə altı ölkənin ərazi bütövlüyünə hörmət göstərmək, suverenliyi qorumaq, sülh müqaviləsinə getmək, ən əsası regionun can damarı ola biləcək bir dəhlizin – Zəngəzur dəhlizi müzakirələrinin aparılması. Zəngəzur dəhlizi atəşkəs razılaşmasının içindəki bəndlərdən də biridir”.
Bu sözləri Baku TV-nin efirində yayımlanan Tural Müseyibovun “Üzbəüz” layihəsinin növbəti qonağı olan Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı İran-Azərbaycan münasibətlərində baş verən gərginliklə bağlı sualı cavablandırarkən deyib.
“Sözügedən format bütün bunları müzakirə etmək üçün bu altı ölkənin birlikdə sözügedən məsələlərin həlli istiqamətində iş aparması üçün nəzərdə tutulur. Prezidentimizin addımlarında yeganə bir məqsəd var: o da regionun sülh və tərəqqisini qorumağa istiqamətlənib. Prezident İlham Əliyevin də bu istiqamətdə bir çox açıqlamaları var.
Mənim məsələyə baxışım odur ki, bölgədəki yeni reallığın qəbul edilməsi vaxt aparacaq. Türkiyənin prezidenti, xarici işlər naziri, parlament sədri həm Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi fonunda Qarabağdakı yeni vəziyyət, həm sərhəd məsələsi, həm də sülh prosesində region ölkələri ilə diplomatiya yolu ilə əlindən gələni edir. Bütün qonşularla - Gürcüstanla da, İranla da, Rusiya ilə də bu məqamlar müzakirə edilir. Ümid edirəm ki, bu vəziyyət sülhlə, diplomatiyanın səyləri ilə həll edilər”, - deyə səfir bildirib.