Xəbər lenti

Şuşada müxalifət-iqtidar görüşü necə keçdi?

 

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən  bir neçə müxalifət partiyası sədrlərinin səfər barədə təəssüratlarını öyrənib. 

Ümid Partiyasının sədri İqbal Ağazadə saytımıza açıqlamasında Şuşanın onun üçün hər şey olduğunu ifadə edib: 

“Şuşaya Azərbaycanın başqa şəhərlərindən, hətta işğaldan azad olunmuş doğma Füzuli rayonumdan bir az fərqli baxıram. Şuşa mənim üçün hər şeydir. Şuşa Azərbaycanın simvoludur. Ona görə təəssüratlarımı indi paylaşmaq çox çətindir. Nə olduğunu hələ bilə bilmirəm. Bunu bilmək olduqca çətindir.  

Şuşada hava dumanlı idi. Dumana görə Şuşanın gözəlliyini ilk dəfə orada olanlar təəssüf ki, görə bilmədi. Dumandan müəyyən edə bilmədilər. Ancaq Şuşanın gözəlliyi tamam fərqli bir şeydir. Dumansız onu daha yaxşı görmək mümkündür. Şuşa artıq Azərbaycanın nəzarətindədir”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, təəssüratı ilk növbədə, Şuşada ola bilməkdən və Şuşanı ziyarət etməkdən, torpağımızı azad edən əsgərlərimizə, şəhidlərimizə minnətdarlıq hissindən ibarətdir:

"Səfər barədə müəyyən fikirlər, problemlər barədə aydınlaşdırıcı təsəvvürlərimizi müzakirə edib ifadə edəcəyik. Hazırda o barədə danışmağa sözün doğrusu, çətinlik çəkirəm.

Ancaq qeyd edim ki, hər bir şəhər, kənd, yaşayış məntəqəsi təkcə torpaqdan, oradakı tikililərdən ibarət deyil. Həm də o yerlərin sakinlərindən ibarət idi. Hələ Şuşada şuşalılar yoxdur. Ona görə də Şuşadan danışarkən mütləq bunu nəzərə almaq lazımdır. Amma vizual şəkildə baxanda həqiqətən Şuşa o qədər də ermənilərin işğal etdiyi digər yaşayış məntəqələrindən köklü şəkildə fərqlənmir. Bu 30 ildə Şuşada abadlıq-quruculuq işləri aparılmayıb. Şuşa necə deyərlər, elə dağıla-dağıla gedirmiş. Şuşanın özü də azad olunmağa həsrət imiş ki, o yenidən qızsın, nəfəs alsın. Demək olar ki, Şuşa indi yaşamağa başlayır”.

Səfərdə iştirak edən REAL Partiyasının sədri İlqar Məmmədov bildirib ki, Şuşaya daxil olarkən çox sevinib:

“Şuşanın azad olunmasından cəmi bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, burada nəzərəçarpacaq dərəcədə fəal işlər görülür, bunlar da bizə əlavə sevinc bəxş edir. Azad edilmiş ərazilərin, o cümlədən Şuşanın yenidən qurulması və bərpası üçün böyük həcmdə sərmayəyə ehtiyac var. İqtidar və müxalifət birlikdə bu hədəflərə çatmalıdır ki, buraya dövlət vəsaiti ilə yanaşı, özəl investisiyalar da cəlb olunsun, insanların bu ərazilərə rahat gəlməsi və bu torpaqların yenidən canlanması üçün imkanlar yaradılsın”.

Ağ Partiyasının başqanı Tural Abbaslı da sosial şəbəkə hesabında səfər haqqında təəssüratını belə ifadə edib:

“Uğrunda nə canların fəda edildiyi, torpağına müqəddəs şəhidlərimizin qanı qarışmış, başı dumanlı Şuşamızı ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə, veteranlarımıza və şanlı ordumuza cansağlığı nəsib etsin. Dumanlı Şuşa yüksəkliyindən Bakıdakı kiçik "siyasi oyunlar" çox mənasız görünürdü”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev də sosial şəbəkədə bu haqda yazıb: 

“Şuşa bizi başı dumanlı, çənli, tərtəmiz havası, özünəməxsus yapısı və qüruru ilə qarşıladı. Şuşanın ərazisi böyük deyil, amma mahiyyəti, önəmi, cazibəsi çox böyükdür. Şuşa millətimiz və dövlətimiz üçün sadəcə simvoldur. Həm də strateji baxımdan çox əhəmiyyətli simvoldur. Uğrunda ölmək də, düşmənləri öldürmək də şərəf işidir. Allah millətimizə güc versin!”.

Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü isə bunları bildirib: 

“Şuşadayıq - düşməni sınmağa və təslim olmağa məcbur etdiyimiz, səsi-sorağı artıq bütün dünyaya yayılmış o əzəmətli Qalada! O yerdə ki, Allah da onun alınmasında bizə kömək etmiş, açıq-aydın bir zəfər bəxş etmiş, bizi gücləndirmişdi ki, günahlardan əl çəkib, nəhayət, doğru yola yönələk! Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş şöbəsinin təşkilatçılığıyla Şuşaya səfərimiz zamanı bir daha əmin oldum ki, Silahlı Qüvvələrimizin milli şərəf və qeyrət hissiylə, böyük cəsarətlə və Şəhidlərimizin qanıyla əldə etdiyi bu misilsiz qələbəmizi qoruyub saxlamaq vəzifəsi bundan sonra daha çox həm də bizim - iqtidarlı-müxalifətli bütün siyasi təşkilatların üzərinə düşür!

Çünki yalnız bütün umu-küsüləri, kin-küdurəti unudub bir kənara atmaqla, ölkənin içərisində ötənilki 44 gün ərzində yaranmış siyasi və milli birliyimizi daha da gücləndirmək yoluyla bu qələbəmizi əlimizdən almaq istəyənlərə layiqli cavab verə, istənilən xarici təhdid və təhlükələri zamanında dəf edə, hamısına da sarsılmaz dəyanət və ləyaqətlə meydan oxuya bilərik!”

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutmuş Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunub.

Günel Türksoy

 

 




 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov