Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, məlumatda deyilir:

"İyulun 30-u Daşkəsən rayon sakinləri - 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olan və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olan məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minayə düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilib, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir".