Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Gününün qeyd edilməsi ilə bağlı əmr imzalanıb.
İdarədən verilən məlumata görə, Təhsil Nazirinin əmri ilə təsdiqlənən “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunan konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgilərinin təşkili nəzərdə tutulur.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlərin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxların nümayişi də planlaşdırılır.
Həmçinin təhsil müəssisələrində Anım Günü və Zəfər Gününə həsr olunan yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat, intellektual oyunlar) keçiriləcək.
Bundan başqa, Tədbirlər Planına şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə və Zəfər Muzeyinə ekskursiyalarının təşkili, o cümlədən “Zəfər tarixi” adlı elmi-praktik konfransın keçirilməsi də daxildir.
Təhsil müəssisələrində işğaldan azad edilən bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil ediləcək, həyata keçirilən quruculuq işləri barədə şagirdlərə məlumatlar veriləcək, videomateriallar nümayiş olunacaq.