Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.
Kütləvi informasiya vasitələrində, o cümlədən Nazirliyin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində əvvəlcədən verilmiş elana uyğun olaraq, Nazirliyə onlayn qaydada müraciət etmiş iddiaçılardan daha hazırlıqlı olan 169 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Qeyd edək ki, onlardan 65 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin iştirakçıları olub.
Gənclər qarşısında çıxış edən general-polkovnik V.Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb.
Azərbaycanlı gənclər öz vətənpərvərliklərini, qəhrəmanlıqlarını 44 günlük Vətən müharibəsində bir daha sübut etdi.
Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.