“Şəhidlərin, qazilərin qanı ilə Qarabağda qazanılan zəfərə bütün dünya şahid oldu. Bu zəfərdə Azərbaycanın yanında Türkiyə var idi. Azərbaycanın digər qonşusu İran isə tam əks mövqe nümayiş etdirmişdi. İndi isə heyrətləndirici bir vəziyyət yaranıb. Azərbaycanın Qafqaz Müsəlmanları İdarəsinin sədri hər şeyi unudaraq İrana təşəkkür edib. Azərbaycan xalqı isə buna kəskin reaksiya verib”.
Bu fikirlər Türkiyənin “Haber Global” televiziyasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qalmaqal doğuran “İrana təşəkkür” açıqlaması barədə hazırladığı süjetdə səsləndirilib.
Materialda Allahşükür Paşazadənin açıqlaması absurd adlandırılıb və bir çox faktlarla sübuta yetirilib. Sual olunur ki, Azərbaycan əsgərinin cəbhədə qanı ilə canı ilə qazandığı zəfərə ermənipərəst İran necə olur ki, şərik göstərilir?
Ümumiyyətlə şeyxin bəhs etdiyi fətva barədə heç bir yerdə məlumat olmadığı vurğulanan materialda, yalnız noyabrın 4-də İran Prezidenti Həsən Ruhaninin iş-işdən keçəndən sonra, müharibə qalib və məğlub bəlli olduqdan sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlama verdiyi vurğulanıb.
Şeyxin xalqı, dövləti və Prezidenti ilə Azərbaycanın yanında dayanan Türkiyəni, İranla tərəzinin eyni gözünə qoymaq cəhdinə Azərbaycan xalqının kəskin reaksiya verdiyi bildirilən süjetdə, Tehranın uzun illər apardığı ermənipərəst siyasət ifşa olunur. İran tərəfindən işğal illərində Qarabağdakı separatçılarla iqtisadi əlaqə quran şirkətlərin, maliyyə əməliyyatları aparan bankların siyahıları təqdim olunub.
Müharibə dövründə İranın açıq-aşkar Ermənistana silah yardımı məsələsi də diqqətdən yayınmayıb. Tehranın bu məkrli oyunlarına Cənubi Azərbaycanda yaşayan soydaşlarımız qarşı çıxıb.
Süjetdə həmçinin İranın Şuşadakı məscidin restavrasiyasını təşkil etməklə orada Azərbaycan izlərinin silinməsinə çalışdığı, məscidin farslaşdırılmağa çalışıldığı vurğulanır.
Belə ki, müsəlman məscidlərinin dağıdılmasına, heyvan saxlanılmasına qarşı çıxmayan, bu barədə bir dəfə belə kəskin açıqlama verməyən İran, Şuşada məscidin restavrasiyası zamanı xüsusi canfəşanlıq nümayiş etdirib.
Toxunulan ən mühüm məqamlardan biri isə Şeyxin həmin məsciddə məhz İranın ali dini liderinin nümayəndəsinin arxasında namaz qılmasıdır.
Bütün bunlardan əlavə “Haber Global” süjet boyu şeyxin qərəzli yanaşması və absurd açıqlamasını ifşa etməklə yanaşı, həm də Allahşükür Paşazadənin fikirlərinin Azərbaycan xalqının mövqeyini ifadə etmədiyini, xalqın onun bu çıxışına qarşı qəzəbli olduğunu vurğulayır.
Sonda isə ölkəmizdə bir çox insanın haqlı olaraq 72 yaşlı Allahşükür Paşazadənin təqaüd yaşının çatdığını düşündüyü qeyd olunur.