Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları, Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək, müvəkkillərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında oturmasını xahiş ediblər.
Hakimlər vəsatət təmin edib və təqsirləndirilən şəxslər vəkillərinin yanında əyləşib.
Daha sonra prokuror ittiham aktını elan edib.
İttiham aktında qeyd olunub ki, Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. O, bir neçə erməni ilə cinayət əlaqəsinə girərək, Qubadlı rayonu ərazisində yaralı vəziyyətdə olan Kazımov Həbib Muxtar oğlunu əsir götürərək, baş və bədən nahiyəsinə ağır zərbələr yetirərək işgəncə verib.
Bundan başqa, Lüdviq Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu Murovdağ istiqamətində yaralı halda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orda ona işgəncə verib, qondarma rejimin sabiq "müdafiə naziri"nin evinin tikintisində ağır işlərə cəlb edib, ac saxlayaraq ona avtomat qundağı ilə zərbələr vurub.
Bundan başqa təqsirləndirilən şəxs bir qrup erməni ilə cinayət əlaqəsinə girərək, 1993-cü ildə Ağdamda əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüləndən sonra Şuşa həbsxanasına aparıb, daha sonra orda ona ağır işgəncələr verib. Lüdviq Mkrtçyan həmin vaxt Şuşa həbsxanasında dəmir və taxta parçalarla yaralı əsgərə xəsarətlər yetirərək ac-susuz saxlayıb.
Bundan başqa təqsirləndirilən şəxs 1994-cü ildə Ağdamda əsir düşən əsgər Hüseyn Cavid Alı oğlunu Şuşa həbsxanasında 1 il saxlayaraq şaxtalı havada qarın altında işgəncələr verib, üzərinə soyuq su töküb, baş və göz nayihəsinə ağır zərbələr vurub. Nəticədə Cavid Hüseynin hər iki gözü görmə qabiliyyətini itirib.
Bununla yanaşı, L.Mkrtçyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən əsgər Babayev Kamil İdris oğlunu Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə mütəmadi vuraraq xəsarətlər yetirib, ac-susuz saxlayıb, müxtəlif üsullarla işgəncələr verib.
Bundan başqa o, digər təqsirləndirilən Alyoşa Xosrovyanla birlikdə Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində qanunsuz olaraq saxlayaraq onu müxtəlif vaxtlarda və müxtəlif alətlərlə döyüb xəsarətlər yetirib.
Lüdvik Mkrtçyan erməni qruplaşması ilə birləşərək 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlərdə yaralanaraq əsir düşən Zahid Həsənovu qanunsuz saxlayaraq əsirlikdə olduğu müddətdə ağır xəsarətlər yetirib, qışda üstünə soyuq su tökərək döyüb, ac saxlayıb.
Təqsirləndirilən şəxs 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən döyüşlərdə yaralanan əsgər Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, 1 il boyu yumruq və təpiklə döyüb, siqaret kötüklərini bədənində söndürməklə ağır işgəncə verib.
L.Mkrtçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşənə işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.
Azərbaycanlılara işgəncə verən L.Mkrtçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna qarşı da amansız davranıb. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.
Təqsirləndirilən şəxs 2016-cı ildə aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib.
2020-ci il başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.
2020-ci ildə 15 oktyabrda Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib.
Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.
İttiham aktına görə, digər təqsirləndirilən Xosrovyan Alyoşa qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahlar əldə edib.
O, Birinci Qarabağ müharibəsində Dağlıq Qarabağ bölgəsində yaşayan erməni silahlı birləşməsinin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Kazımov Həbibi 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.
O. L.Mkrtçyan və digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğluna Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac-susuz saxlayıb.
Xosrovyan Mkrtçyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.
1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A.Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.
Bundan başqa, o, 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qarın nahiyəsindən yaralanan əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nahiyəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.
Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsində yaralanaraq əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib. Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib.
Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılaraq əsir götürülüb.
İttihama münasibət bildirən mütrəhimlər özlərini qismən təqsirli biliblər. Onlar yalnız özlərini Azərbaycan torpaqlarına qanunsuz keçməkdə günahkar biliblər və digər ittihamları qəbul etməyiblər. Lüdvik Mkrtçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.
Prokuror bildirib ki, ibtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.