30 ildi Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana tarixinin ən böyük zərbəsi vurulub. İndi də ermənilərin istər siyasətçiləri, istərsə də mülki vətəndaşları başlarını əyərək gəzir. Bu səbəbdən Ermənistan Azərbaycanı təhrik edərək regionda yeni bir gərginlik yaratmaq istəyir.
“Haber Global”ın məlumatına görə, bu barədə “A Haber”in daxili xəbərlər redaksiyasının müdiri Kərim Ulak Kəlbəcərdə altı erməni diversiya qrupunun ələ keçməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən erməni diversantlar girib yollara yenidən minalar düzürlər.
“Təəssüf ki, bu hücumlarda Qarabağda cəbhə xəttində bizim də bir yerdə vəzifədə olduğumuz iki qardaşımız şəhid oldu. Həqiqətən böyük kədər içindəyik”, - deyə o, bildirib.
Ermənistanın Cenevrə sazişini yox sayaraq minaların xəritəsini vermədiyini xatırladan jurnalist İrəvanın cinayətkar simasını bir daha göstərdiyini vurğulayıb.
“Bu gün 20 mülki şəxs həyatını itirib, yeddi hərbçi şəhid olub. Ermənistan qətliamlara davam edir. Beynəlxalq hüquq, insan haqları təşkilatları haradadır?”
Ermənistanın cinayətkar əməllərinə dünya dövlətlərinin heç bir reaksiya vermədiyini, etiraz etmədiyini, qınamadığını deyən Kərim Ulak, bununla da ikili standartların sərgiləndiyini vurğulayıb:
“Ermənistan əsgəri ölsə, dünya ayağa qalxır, Azərbaycan əsgəri, mülki vətəndaşı şəhid olsa, heç kim səsini çıxarmır”.
“A Haber”in jurnalisti beynəlxalq hüquqlara riayət olunmadığını, mina xəritələrinin verilmədiyini, diversiya ilə təhrik hücumlarının olduğunu deyərək, Azərbaycanın soyuqqanlılığının saxlamağının zəruriliyini vurğulayıb.
“Azərbaycan Qarabağı geri qaytarıb. Ermənistan bunu təhrik edərək geri almağa səy edir”, - deyə o, sözlərini yekunlaşdırıb.