Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa birləşməyimizdə alternativsiz, labüd və vacib məsələdir. Azərbaycan Zəngəzur dəghlizinin açılaması üçün öz üzərinə düşən bütün məsələləri sürətlə icra edir.

 

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Naxçıvanda Ermənistan sərhədinə qədər dəmir yolu infrastrukturu hazır işlək vəziyyətdədir: "Horadiz -Ağbənd dəmir yolu yenidən tikilir. O cümlədən Mincivan dəmir yolu stansiyası və Qərbi Zəngəzurun sərhədinə qədər olan ermənilər tərəfindən məhv edilmiş 15 kilometrlik dəmir yolu infrastrukturu da sürətlə tikiləcək. 40 kilometrlik Zəngəzur dəhlizindən keçəcək dəmir yolu infrastrukturu isə Rusiya tərəfindən tikiləcək. Ona görə Rusiya tərəfindən tikiləcək ki, Ermənistan müstəqil ölkə olmadığına görə Ermənistanın dəmir yolları da bu ölkəyə aid deyil. Ermənistanın dəmir yolları Rusiyanın mülkiyyətidir. Ona görə də bütün danışıqlar əsasən Rusiya tərəfi ilə aparılır və Rusiyanın iştirakı ilə bu marşrut istifadəyə veriləcək.

Zəngəzur dəhlizin açılması ölkəmiz üçün siyasi və iqtisadi cəhətdən çox əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması Azərbaycanı bütövləşdirir və Türkiyəyə birbaşa qapımız açılır. Bu məsələ böyük siyasi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması həm də regiona uzunmüddətli sabitliyin gəlməsində təməl nöqtəsi rolunu oynayacaq. Çünki bu dəhlizin açılışı regionda yeni əməkdaşlıq mühitinin formalaşmasının simvoludur. Ona görə ki, kommunikasiyaların açılması, qonşuluq münasibətlərinin inkişafı və regional əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi ilə birbaşa bağlı olacaqdır".

Deputatın sözlərinə görə, bu dəhliz Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi üçün daha rentabelli beynəlxalq marşrut kimi özünü təqdim edəcək: "Zəngəzur dəhlizi Rusiya üçün yükdaşımaların həyata keçirilməsində yeni və iqtisadi cəhətdən daha əhəmiyyətli bir marşrut kimi özünü təqdim edəcəkdir. Ermənistan üçün isə bu dəhliz nəfəslikdir. Uzun illər blokada şəraitdə olan Ermənistanın iqtisadi müstəqilliyini itirməsinin əsasında da bu ölkənin işğalçılıq siyasətinə cavab olaraq onun tərəfimizdən dalana çevrilməsi dayanıb. Zəngəzur dəhlizinin açılışı Ermənistana imkan verəcək ki, Rusiyaya, İrana, Asiya və Avropa ölkələrinə yükdaşımalarını həyata keçirə bilsin.

Azərbaycan üçün isə Zəngəzur dəhlizin iqtisadi əhəmiyyəti o qədər böyük olacaq ki, bunu sözlə ifadə etmək çətindir. Birincisi, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolu artacaq. Ölkəmizin üzərindən daşınan yükdaşımaların həcmi sıçrayışla yüksələcək. Bu da dövlət büdcəmizə tranzit daşımalardan əlavə valyuta gətirəcək. İkincisi isə ölkəmizin dünya ölkələri ilə iqtisadi əməkdaşlığı Zəngəzur dəhlizi vasitəsilə daha da möhkəmlənəcək. İstehsal etdiyimiz məhsulları xarici bazarlara çıxarmağımız asanlaşacaq. Üçüncüsü və hər şeydən önəmlisi Naxçıvanla quru yolumuz açılır ki, bu da uzun illər xalqımızın yaşadığı bütün çətinliklərin sonu deməkdir.

Zəngəzur dəhlizinin açılması Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan istəsə də, istəməsə də baş tutacaq. Ermənistan 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb və biz bu öhdəliyin icrasına qarşı tərəfi məcbur edəcəyik. Onu da qeyd edim ki, Ermənistan məğlub tərəfdir və üçtərəfli bəyanatların icra olunmasına Rusiya zəmanət verib. Bu bəyanatların icra müddətlərinin Ermənuistanda baş verən siyasi proseslərlə bağlı bir az uzana biləcəyini düşünürəm. Amma icrası labüddür və yenidən müzakirə predmeti deyil".