Xəbər lenti

 

Elmira Axundovanın “Beş il Kremlin dəhlizlərində” kitabından

 

Andropov “dövrünün” kədərli simvolu 1983-cü ilin sentyabrın 1-də Sovet qırıcı təyyarəsi tərəfindən göyərtəsində 269 sərnişin olan Cənubi Koreyaya məxsus laynerinin məhv edilməsi faktı idisə, Qorbaçov “erasının” uğursuzluq simvolu dünyada XX əsrdə ən böyük nüvə fəlakəti olaraq qəbul edilən Çernobıl Atom Eletrik Stansiyasındakı (AES) qəzadır.

Keçən əsrin 50-60-cı illərində SSRİ-də planetin ekoloji vəziyyətinə və milyonlarla insanın sağlamlığına düzəlməsi mümkün olmayan zərər vuran çox sayda atom sınağı həyata keçirilib. Amerika Birləşmiş Ştatları keçirilən sınaqların sayına görə irəlidə idisə də, atom silahlarının həqiqi istifadəsi ilə ilk hərbi təlim Sovet İttifaqında keçirilib. Bu 14 sentyabr 1954-cü ildə Orenburq bölgəsindəki Totski poliqonunda, (yeri gəlmişkən, məşhur marşal Jukovun rəhbərliyi ilə baş tutub).

General-polkovnik Dmitri Volkoqonov bu dəhşətli hadisəni belə xatırlayır:

“Elşanka-2, Orlovka, İvanovka, Maxovka kəndlərinin əhalisi (cəmi 1633 ailə) cəmi üç-dörd günlüyünə evlərindən çıxarıldı... 40 baş iribuynuzlu heyvan (inək, at, dəvə) və 300 qoyun isə ölümcül silahların təsirini özündə yaşamalı idi. Tu-4 təyyarəsindən 9 min metr yüksəklikdə atom bombası atıldı, o Yer səthinin 350 metrliyində partladı. Burada artıq sınaqlar üçün heyvanların “məskunlaşdırıldığı” çoxsaylı sığınacaqlar, istehkamlar, səngərlər, evlər tikilmişdi. Hər yerdə həqiqi hərbi texnika düzülmüşdü. Əsl müharibədə ola biləcək şəraitdə həqiqi bombanı obyektlər üzərində sınamaq lazım idi. Bundan sonra tankların və zirehli texnikaların müşaiyəti ilə qoşunlar partlayışın episentrindən keçdi...”

Ancaq Orenburq çölündə baş verən dəhşətli partlayış qurbanlarını imtiyazla təmin etmək qərarı 40 il sonra verildi.

SSRİ-də radioaktiv çirklənmə ilə nəticələnən yerli qəzalar da olub. Belə ki, 1957-ci ilin oktyabrında Çelyabinsk bölgəsində hərbi məqsədlərə yararlı plutoniy istehsalı zavodunda radioaktiv məhlulların anbarını məhv edən güclü partlayış baş verdi. Yalnız zavodun ərazisi deyil, həm də yaxınlıqdakı məhbus düşərgəsi, eləcə də ətraf kəndlər ciddi şəkildə çirklənməyə məruz qaldı.

İyirmi il sonra - 1978-ci ilin oktyabrında Kolquev adasının şimal-qərbində, təmir olunan atom sualtı qayıqlarından çıxan radioaktiv tullantıların olduğu barja 45 metr dərinlikdə batdı.

Dünya bu və digər qəzalar haqqında məlumatlı deyildi, çünki o dövrdə SSRİ planetin qalan hissəsindən keçilməz “dəmir pərdə” ilə ayrılmışdı. Lakin 1986-cı ildə baş vermiş fəlakətin miqyası barədə həqiqəti gizlətmək (Qorbaçovun geniş reklam etdiyi “Aşkarlıq” dövrünə baxmayaraq belə cəhdlər var idi) mümkün olmadı.

70-ci illərdə SSRİ-də atom elektrik stansiyalarının inşaası üçün proqram qəbul edildi. Stansiyaların ən böyük sənaye mərkəzlərinin yaxınlığında olması nəzərdə tutulurdu, onlar Leninqrad, Kiyev, Sverdlovsk və s. ətrafında tikilirdilər.

Nüvə alimləri belə bir atom elektrik stansiyasını Moskva yaxınlığında tikməyi planlaşdırırdı. Rusiyalı jurnalist İzyumovun yazdığına görə, hərbi-sənaye kompleksi rəhbərliyinin güclü dəstəyi ilə məsələ artıq Siyasi Büronun qərarına qədər getmişdi. Hər kəs bu təklifin lehinə idi - akademik Aleksandrov məsələyə baxılarkən bildirmişdi: stansiyanın təhlükəsizliyi elədir ki, lap Qızıl Meydanda tikmək olar.

Yalnız Qrişin bu elmi avantüranın riskini anlayaraq kəskin etiraz etdi... O layihənin rədd edilməsinə nail ola bildi, əlbəttə bu ona Ustinovla və hökumət rəhbərləri ilə davamlı zədələnmiş münasibətlər bahasına başa gəldi. Amma “Damoklun atom qılıncı”nın moskvalıların üstündən asılmaması ancaq və ancaq onun şəxsi xidmətidir”.

Heydər Əliyev də atom elektrik stansiyalarına çox etibar etmirdi və təxminən eyni zamanda Azərbaycanda atom elektrik stansiyalarının inşasının qadağan olunmasına nail oldu, baxmayaraq ki, Bakıda artıq hazırlıq işləri başlanmışdı.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) veteranı Pərviz Hətəmzadənin danışdıqlarından:

“1980-ci illərin əvvəllərində Moskvada Zaqafqaziyada Ermənistandan sonra ikinci atom elektrik stansiyası tikmək fikri ortaya çıxdı. Üçüncüsü isə Gürcüstanda inşa olunmalı idi. Ələtdə artıq bir pioner bazası tikilmişdi, 8 milyon rubl xərclənmişdi. Biz həmin vaxt Mərkəzi Komitənin birinci katibinə, habelə SSRİ DTK-nın 6-cı İdarəsinə bu ərazidə atom elektrik stansiyası yerləşdirməyin mümkün olmadığını, yeraltı suların səviyyəsinin səhv hesablandığını bildirən məktublar yolladıq. Zəlzələ baş vermiş olsaydı, atom elektrik stansiyası heç 7 bala belə tab gətirməzdi. Həmin vəziyyəti analiz edən və bu yerdə atom elektrik stansiyası tikməyin mümkünsüzlüyünü əsaslandıran böyük geoloq mütəxəssislər tapıldı. Artıq orada suyun səviyyəsi yüksəlməyə başlamış, bitki örtüyü meydana çıxmışdı. Bundan əlavə ərazi zəlzələyə davamsız idi. Sonra H.Əliyev də işə qoşuldu, o da Azərbaycan DTK-sının rəyini dəstəklədi. Biz artıq Moskvaya təcrübə üçün getmişdik, çünki gələcək atom elektrik stansiyasının qorunması üçün bölməmizin olması lazım idi. Hətta ştat cədvəli hazır idı”.

Azərbaycan DTK-nın keçmiş sədri Ziya Yusifzadə ilə söhbət zamanı ondan 1980-ci illərin ortalarında Azərbaycan təhlükəsizlik zabitləri tərəfindən qarşısı alınan “atom epopeyasının” təfərrüatlarını bölüşməsini xahiş etdim.

“- Eşitdim ki, məhz sizin təklifinizlə Heydər Əliyev Azərbaycanda atom elektrik stansiyası tikintisinin dayandırılmasına nail oldu. Bunun necə baş verməsindən danışın.

- Azərbaycanda nüvə elektrik stansiyası tikmək məsələsi 1984-cü ildə ortaya çıxdı. Sentyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən müvafiq qərar qəbul edildi. 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi, Respublika Nazirlər Soveti və SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyi tərəfindən başqa bir ortaq fərman verildi.

Bundan sonra kəşfiyyat işləri başladı. Atom elektrik stansiyasının Salyan bölgəsinin Pirsaat çayı vadisində tikilməsi düşünülmüşdü. Orda hər biri 4 min MVt gücündə dörd enerji bloku olmalı idi. İlk enerji blokunun işə salınması 90-cı illərin əvvəllərində planlaşdırılırdı.

“Atomenerjilayihə”nin (layihəçi - Demin) Rostov filialı tərəfindən hazırlanan layihəyə görə, bu ərazidə yeraltı sular təxminən 15-17 metr dərinlikdə idi. Məsələnin müstəsna əhəmiyyətini nəzərə alaraq, 1986-cı ildə energetika və geologiya sahəsində tanınmış mütəxəssisləri də işə qoşduq. Onlar kəşfiyyat işləri apardılar, bizim qeyri-rəsmi tapşırığımızla iki ay işlədilər. Nəticədə layihədə ciddi səhvlərə yol verildiyi məlum oldu. Birincisi, yer uyğun deyildi. 1984-cü ildə bu ərazi səhralıq idisə və heç bir bitki örtüyü yox idisə də, 1986-cı ildə ərazidə otlar bitmişdi. Bundan əlavə mənbələrimiz yeraltı suyunun yerləşmə dərinliyinin 15-17 metr deyil, 7-8 metr olduğunu təsbit etdilər. Eyni zamanda, layihə stansiyanın seysmik müqavimətini 7-8 balda müəyyənləşdirirdi. Bununla belə, sıx bitki örtüyü və yeraltı suların dayaz yerləşməsini nəzərə alsaq, stansiyanın 7 bala belə çətinliklə tab gətirə biləcəyi aydın idi. Bundan başqa da bir sıra digər xoşagəlməz amillər qeyd edildi. Ümumiyyətlə, məlumatlar narahatedici idi.

Bu informasiyanı əldə etdikdən sonra ilk növbədə Heydər Əliyevə zəng etdim. Ona mütəxəssislərimizin tapdıqlarından danışdım. Bir qədər susduqdan sonra soruşdu:

- Sən Moskvada nə zaman olacaqsan?

- Növbəti ayda səyahət gözlənilmir. Ancaq Mərkəzdən icazə istəyə və iki-üç günə gələ bilərəm.

Mən Moskvaya yollandım. Heydər Əliyevlə görüşdük, mütəxəssislərimiz tərəfindən tərtib edilmiş arayışı ona göstərdim. Heydər Əliyev arayışla diqqətlə tanış olduqdan sonra dedi: “Budur, qayıdın və hər şeyi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ DTK rəhbərliyinə ətraflı izah edin”.

Heydər Əliyev apparat məsələlərində Allah idi. O, elə etdi ki, fikir ondan yox, respublikadan çıxsın. 1986-cı ildə isə onun köməyi ilə AES-in tikintisi dayandırıldı və sonra tamamilə ləğv edildi. Hesab edirəm ki, bu, Heydər Əliyevin xalq qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biridir”.

Çernobıl AES-də qəza 26 aprel 1986-cı ildə baş verib. Lakin siyasi büro üzvləri bundan yalnız iki gün sonra, faciə barədə dünyanın ən böyük radiostansiyaları məlumat yayanda xəbərdar edildi.

Heydər Əliyevin BBC-nin televiziya xidmətinə verdiyi müsahibədən (1991):

“Bu, birbaşa deyəcəyəm, sovet rəhbərliyi, ölkənin partiya-dövlət rəhbərliyi üçün böyük bir rüsvayçılıqdır. Bu mənim qəti fikrimdir. Partlayış şənbə günü baş verdi. Mən şənbə günü işdə idim, yeri gəlmişkən, bütün şənbələri işləyirdim. Günün sonunda tamamilə təsadüfən atom elektrik stansiyasında partlayış olduğunu öyrəndim. Nazirlər Sovetinin işlərini idarə edən Smertyukovdan nə baş verdiyini soruşdum. Mən Siyasi Büronun üzvüyəm, Nazirlər Soveti sədrinin birinci müaviniyəm və heç nə bilmirəm. O, deyir ki, bəli, Çernobılda atom elektrik stansiyasında nəsə baş verib. Deyir ki, Nazirlər Soveti sədrinin müavini Şerbina ora uçub. Görək nə baş verir. Ancaq bazar günü mən işləmirdim, təbii olaraq da heç nə bilmirdim.

Bazar ertəsi səhər tezdən Qorbaçov qəfildən Siyasi Büronu toplayır, üstəlik iclas həmişə olduğu yerdə deyil, onun öz kabinetində keçirilir. Səhər saatlarında, təxminən 10 və ya 11-də zəng etdilər. Çox qısa məlumat verildi. Bu iclas həmçinin ona görə keçirildi ki, bizdə məlumat yox idi, ancaq artıq İsveçdən, Polşadan, Almaniyadan, bəzi digər Avropa ölkələrindən radiasiya şüalanması ilə bağlı mesajlar daxil olurdu. Bu artıq dünya ictimaiyyətinə məlum oldu. Demək, həmin vaxt da iclas çağırılıb.

Məlumat çox məhdud idi. Ancaq biz faciə baş verdiyini hiss etdik. Təcili tədbirlər görmək lazım idi. Xalqa məlumat vermək məsələsi ortaya çıxdı. Ancaq bilirsiniz, mən burada hansısa qəhrəman rolunda çıxış etmək istəmirəm. Məni düzgün başa düşün. Ancaq mən çıxış etdim, bu məsələdə dərhal və etibarlı informasiya verilməli olduğundan danışdım. Çünki bu barədə artıq bütün Avropa məlumatlı idi. O vaxt Liqaçev sözümü kəsdi: “Siz nə istəyirsiniz? Hansı informasiyanı istəyirsiniz? Bu nədir belə?”. Mən deyirəm: “Bəs necə? Mən etibarlı informasiya olmasını istəyirəm. Biz bu faktı gizlədə bilmərik”. Deməliyəm ki, Aleksandr Nikolayeviç Yakovlev eynilə mənim kimi çıxış etdi. Ancaq bu məsələ ört-basdır edildi və sonra məlum xəbərlər yayıldı.

Bir müddətdən sonra Yakovlevlə söhbət edirdik və o, Liqaçevin davranışından narazılığını ifadə edərək mənə dedi: “Görürsünüz, təkcə sizinlə ikimiz bu informasiya üçün çıxış etdik”. Ancaq o vaxt, demək ki, Liqaçev daha nüfuzlu insan olub”.

Bu barədə sonradan dahi Ukrayna yazıçısı Boris Oleynik xatırlayır:

“Bu, çox əhəmiyyətli bir detaldır. Qorbaçov Ukraynaya gəlməkdən qorxurdu və Şerbitski 1 may 1986-cı il tarixindəki paradı ləğv etmək və ən azı uşaqları evakuasiya etmək istədikdə, onu təhdid etdi, panika yaydığı üçün partiyadan qovulacağını dedi. Allaha şükürlər olsun ki, siyasi büroda özünün Ukraynada baş verənlərlə bağlı açıqlaması ilə bu “xadim”i sadəcə qəza deyil, faciə baş verdiyinə razılaşmağa məcbur edən Heydər Əlirza oğlu Əliyev var idi. Qlobal bir faciə idi. Biz buna görə Azərbaycan prezidentinə minnətdarıq”.

Vorotnikovla söhbətdən:

“Əsl həqiqəti heç kim bilmirdi, çünki Çernobıldan gələn ilk informasiya baş verənlərlə uyğun deyildi. Siyasi Büro 28 aprel tarixində toplandı. Həmin vaxt ilk hesabatda bildirildi ki, reaktor sağlamdır, qorxulu heç nə yoxdur, hər şey yoluna qoyula bilər.

Sonra ilk hesabatda reaktorun bütöv olduğunu, dəhşətli bir şey olmadığını, hər şeyin yaxşı ola biləcəyini söylədilər. Və yalnız günün ikinci yarısında əsl vəziyyət məlum oldu. Siyasi Büronun operativ qrupu yaradıldı, mən də onun tərkibində idim. Yakovlevə mətbuat üçün məlumat hazırlamaq tapşırıldı. Ancaq 29-da Yakovlev mediaya heç bir məlumat vermədi, yalnız 30 aprel tarixində bunu etdi. Beləliklə, vəziyyəti anlaya bilmədikləri üçün ilk üç gün itirildi. Şerbina Uzaq Şərqdə - Sibirdə idi. Oradan uçub Çernobıla getməli idi. Bunun üçün bir sutkadan çox tələb olundu. Xalqdan qəsdən nəyisə gizlətmək istəyi yox idi. Ancaq faktiki olaraq elə alındı ki, Yakovlev informasiyanı bir sutka gecikdirdi”.

Ancaq buna baxmayaraq Siyasi Büro iclaslarının hazırda açıqlanan materialları həm Qorbaçovun, həm də bəzi digər həmkarlarının bütün məlumatları ictimaiyyətə çatdırmağın zəruriliyinə şübhə etdiyini və məlumatı məhdudlaşdırmağı təklif etdiklərini göstərir. Siyasi Büronun yalnız iki üzvü qətiyyətlə danışdı - onlar Yakovlev və Əliyev idi.

Beləliklə, qəza 26 aprel şənbə günü baş verdi, lakin Siyasi Büro iki gün sonra, bütün dünya artıq SSRİ-də ən böyük nüvə fəlakəti barədə qışqırarkən toplandı. Həmin gün partiya rəhbərləri ortaq bir fikrə gəlmədilər, baxmayaraq ki, hamı məlumatın qısa müddətdə verilməli olduğunu başa düşürdü. Ancaq hansı informasiyanı və hansı həcmdə?

29 aprel 1986-cı ildə Qorbaçov Siyasi Büronun növbədənkənar iclasını çağırdı. Yenə də eyni sualı verdi: “Əhali və beynəlxalq ictimaiyyətlə necə işləmək lazımdır?”.

Fikirlər növbəti dəfə bölündü: Qromıko qardaş ölkələrə daha çox məlumat verilməsini, Vaşinqton üçün isə məlumatı əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı təklif etdi. Liqaçev bildirdi ki, bəlkə də mətbuat konfransının keçirilməsi lazım deyil. Tarixçi Volkoqonovun sözlərinə görə, “yalnız Yakovlev və Əliyev bildirdilər: xarici jurnalistlərə və öz xalqımıza tam məlumat vermək lazımdır”.

Nəticədə Siyasi Büroda 19 sətirlik “SSRİ Nazirlər Sovetindən bildiriş” təsdiqləndi və bu bildirişdə hadisənin miqyası açıq şəkildə kiçildildi. Baş katib daha sonra da Çernobılla əlaqəli məlumatların məzmunu və həcmini məhdudlaşdırmağa çalışdı. Beləliklə, 5 may 1986-cı il tarixində Siyasi Büronun iclasında təlimat verilir: “Ukraynada yerli kanallar vasitəsilə daha geniş məlumat verilsin. İttifaq kanalları vasitəsilə - faktoloji (?!) məlumat verilsin. Ola bilər, xarici dünya üçün informasiyanın çərçivəsi genişləndirilsin. Qarşı tərəf bizi ümumilikdə qiymətləndirməyə və eyni vaxtda bizə qara yaxmağa imkan verəcək suallar verir” .

Çernobıl Qorbaçovun xarakterində çox şeyi işıq üzünə çıxardı: qətiyyətsizlik, qərarsızlıq, ən ağrılı olsa belə həqiqətdən qorxmaq, məsuliyyət qorxusu, öz xalqı ilə açıq danışa bilməmək qorxusu və ən əsası bədbəxtliyini onlarla bölüşə bilməmək. Axı, hətta Nikolay Rıjkov onu uzun müddət razı salmağa çalışsa da, Kiyevə getməyə belə hazırlaşmırdı.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov