Xəbər lenti



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

 

Bizimaz.az bildirir ki, Ombudsman Aparatından "Qafqazinfo"ya daxil olan bəyanatda deyilir:

Erməni millətçilərinin xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri də 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir.

Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Bir çox qədim binalar, o cümlədən Bakının ən gözəl memarlıq abidələrindən olan İsmailiyyə binası, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları və ziyarətgahlar top atəşinə tutularaq dağıdılmış, Təzəpir məscidinin minarələri ağır zədə almış, Şamaxıda qədim Cümə məscidi yandırılmışdır.

Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. On minlərlə azərbaycanlı ermənilərin törətdikləri vəhşiliklərin qurbanı olmuşdur. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, qadın, uşaq və yaşlılar da daxil olmaqla, dinc əhaliyə divan tutulmuşdur. Azərbaycanın tarixi torpaqlarına daxil olan İrəvan şəhərində və onun ətrafında 199 kənd yerlə-yeksan edilmiş, 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir.

1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman əsasında azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalmasına siyasi-hüquqi qiymət verilmişdir. Martın 31-i hər il “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

Son illər bu istiqamətdə aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmişdir. Həmin ərazidə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ermənilərin günahsız azərbaycanlılara qarşı vandalizm hərəkətlərini əyani sübutlarla özündə əks etdirir.

1918-ci ildə on minlərlə dinc insanın kütləvi şəkildə etnik və dini mənsubiyyətinə görə xüsusi amansızlıqla qətlə yetirilməsi, bu cinayət əməlinin öncədən planlaşdırılmış və mərhələli şəkildə həyata keçirilməsi, o cümlədən bu kimi cinayət əməllərinin Azərbaycanın müxtəlif ərazilərində törədilməsi faktları məhz soyqırım cinayəti kimi tövsif edilməlidir.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, soyqırımı insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır.

Təəssüf ki, 1918-ci ildəki azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri beynəlxalq miqyasda hələ də öz siyasi-hüquqi qiymətini almamışdır.

Bir xalqa qarşı əsrlər boyu davam edən nifrət siyasəti nəticəsində törədilən soyqırım cinayətlərinə beynəlxalq ictimaiyyətin biganə yanaşması, eləcə də cinayətkarların ədalət mühakiməsinə cəlb edilməməsi cəzasızlıq sindromunun inkişafına, yeni bəşəri cinayətlərin törədilməsinə, insan hüquqlarının kütləvi pozuntularının geniş vüsət almasına gətirib çıxara bilər.

Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov