Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 101 yaşı tamam olur. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzlədi. Əgər agentliyin bu illər ərzindəki bütün xəbərlərini, fotolarını bir yerə toplamaq olsaydı, ölkəmizin və xalqımızın həyatının bitkin mənzərəsi yaranardı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları milli xəbər agentliyi yaradılmasının zəruriliyini yaxşı anlayırdılar. Hökumət bu məsələni 1919-cu il martın 3-də müzakirəyə çıxardı və müvafiq qərar qəbul edildi. Lakin müəyyən səbəblərə görə həmin qərar təxminən bir ilə yaxın kağız üzərində qaldı. Nəhayət, 1920–ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi fəaliyyətə başladı. Bundan iki ay keçmədi ki, Azərbaycan bolşevik işğalına məruz qaldı və Cümhuriyyət hökuməti süquta uğradı. Milli Teleqraf Acanslığı cəmi 58 gün fəaliyyət göstərsə də, adını tarixə yazdıra bildi.
SSRİ dövründə Azərbaycanın milli informasiya agentliyinin adı yeddi dəfə dəyişdirildi və bu, onun keçdiyi yolun mürəkkəbliyindən xəbər verir. Bolşevik işğalından sonra Azərbaycanda informasiya işi ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə AzərTAQ adlandırılan bu bölmə 1922-1936-cı illərdə üç Zaqafqaziya respublikasının agentlikləri birliyinin tərkibinə daxil oldu və ona ZaqTAQ adı verildi. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi.
Hazırda AZƏRTAC-ın xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir. Prezidentin Sərəncamına əsasən agentlik üçün inşa olunan yeni ofis binasının tikintisi başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Göstərilən bu diqqət və qayğı informasiyanın keyfiyyətini yüksəltməyə, agentliyin rəqabətqabiliyyətliliyini təmin etməyə zəmin yaradır.
AZƏRTAC ötən 101 ildə çox dəyişib, yeni texnologiyalar işin mühüm hissəsinə çevrilib. Lakin dəyişməyən onun dürüstlüyü və obyektivliyidir. Agentliyin media kimi imicinin yüksək olmasını şərtləndirən məhz bu amildir.
Obyektiv və doğru xəbərin ünvanı olan AZƏRTAC yeni əsrin salnaməsini yazmaqda davam edir.
AZƏRTAC kollektivini təbrik edirik, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!