Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib.

 

Bizimaz.az bildirir ki, Bununla bağlı BAKU.WS-ə açıqlama verən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib:

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”.

Qeyd edək ki, üçtərəfli bəyanatın 9-cu bəndi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə əlaqədardır.

Həmin bənddə bildirilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.