Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimaiyyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
Bizimaz.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, E. Rüstəmov qeyd edib ki, Mərkəzi Bank öz vəsaitləri hesabına tikiləcək: “MB büdcədən heç bir vəsait almır. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyardlıq manat vəsait köçürüb. Cari ildə 250 milyon pul köçürməyi planlaşdırılır. Binanın tikintisi 4-5 il çəkəcək.
Biz son dövrlər klassik Mərkəzi Bank idik. Ancaq indi maliyyə bazarlarına nəzarət edirik. Buna görə də iş həcmimiz və işçilərin sayı artdı. Biz faktiki olaraq hazırda 3 binada yerləşirik. Pul təsərrüfat binamız Nərimanov rayonunda dalanda yerləşir. Bura yer və təhlükəsizlik üçün müəyyən tələblərə cavab vermir. Mərkəzi Bank modern institutdur. Buna görə də bizim belə bir binaya ehtiyacımız yaranıb. Biz indi olduğumuz binaları dövlətə qaytaracağıq. Sərf etdiyimiz dəyərin yarısını dövlətə verəcəyik. Bu da dövlət üçün böyük aktivdir”.
Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin "Tekfen İnşaat" şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. "Tekfen Holdinq" verdiyi açıqlamada layihənin inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.