Sabah Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə Moskvada keçiriləcək danışıqlar Qarabağ münaqişəsinin yekun həlli və gələcəkdə regionun sülh və rifah əldə etməsinin ilk əlamətidir.
Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.
“Fikrimcə, istənilən danışıqlar heç nə etməməklə müqayisədə daha yaxşıdır. Lakin burada da bu və ya digər yığılmış problemlərin qəti qərarlarla həllinə tələsmək lazım deyil. Güman edirəm ki, ilk növbədə, kənara çıxılması mümkün olmayan əsas parametrlər qurulmalıdır. Yəni ölkə liderləri tərəfləri razı salacaq sülh müqaviləsinin gələcəyinin aksentlərini təsdiq etməlidirlər”, - Mixaylov qeyd edib.
Onun sözlərinə görə, belə bir görüş sayəsində rəsmi Moskva hərbi əməliyyatların dayandırılmasına dair bir müqavilənin imzalanmasına töhfə verən və sülhməramlıları bölgəyə gətirən bir ölkə olaraq nizamlanmada lider rolunu qoruyur:
“Fikrimcə, Rusiya bölgədəki təsirinin artdığını görməkdə maraqlıdır. Eyni zamanda, Kreml dərk edir ki, maraqların tam bir konsensusu üçün bölgənin inkişafında birbaşa maraqlı olan ölkələrin – Türkiyə və İranın fikirlərini nəzərə almaq lazımdır. Rusiya Prezidenti Vladimir Putin təcrübəli liderdir. O, hazırda Ermənistanın kifayət qədər zəif olduğunu və bölgənin xaosa sürüklənməsində maraqlı olan qüvvələrin təsirinə məruz qaldığı üçün regionda çox təhlükəli olduğunu başa düşərək, mövcud danışıqlarda tələsik nəticələrə yol verməyəcək”.