Xəbər lenti



Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlərin gözlədiyini ehtimal etmək çətin deyil.

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var:

“Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə, adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. 

Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Ona bu rahatlığı gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi. Son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi”.

Prezidentin köməkçisi vurğulayıb ki, İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə, əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi: 

“Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin gündən-günə gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər...

Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın. Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə?”

Əli Həsənov bildirib ki, Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq, bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar: 

“İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər.

İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır”.

PA rəsmisi əlavə edib ki, Paşinyan hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır: 

“Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o, bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır.

Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.

Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu “DQR” ərazisi elan edir və bununla, beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir.

Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində “erməni radiosu”nun anekdotları artıq qısa zaman məsələsidir”.

“Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlərin gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil. “DQR”-in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir?” Əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. 

Hələ bir həyasızcasına Azərbaycan prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək, münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil “DQR”-də niyə ölməlidir?”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır.

“Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə, xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar, gör, Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə, az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər”, - deyə Ə.Həsənov bildirib.

Prezident köməkçisi qeyd edib ki, Azərbaycan prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir: 

“Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orada da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. 

Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. 

Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür, onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. 

Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə, öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcək”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov