Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.
Bizimaz.az "Report"a istinadla xəbər verir ki, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Həmçinin rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.